“Hazırda Rusiya olduqca mürəkkəb bir vəziyyətdədir. Ukrayna müharibəsində nə qələbə qazana bilir, nə də müharibəni effektiv şəkildə davam etdirmək imkanına malikdir. Bu səbəbdən Rusiya üçün münaqişədən mümkün qədər tez və az itki ilə çıxmaq həyati əhəmiyyət daşıyır. Lakin Kreml bu prosesin zahirən kapitulyasiya kimi görünməməsinə, əksinə, üstün tərəf imicini qoruyaraq masadan qalxmağa çalışır. Belə bir yanaşmanı isə nə Ukrayna, nə NATO ölkələri, nə də ABŞ qəbul edir. Nəticədə Qərbin Rusiyaya qarşı sanksiyaları artır, Ukraynaya isə ən müasir silahların verilməsi istiqamətində ciddi müzakirələr aparılır. Bütün bunlar Rusiyanın qarşısında daha ağır bir mərhələnin dayandığını göstərir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, “Kyiv Independent” yazır ki, Rusiya hökumətinin qəbul etdiyi yeni səfərbərlik qanunu ölkənin NATO ilə mümkün toqquşmaya hazırlaşdığını göstərir. Dəyişikliyə əsasən, “səfərbərlik”, “hərbi vəziyyət” və “müharibə” anlayışları ilk dəfə olaraq birbaşa Rusiya qanunvericiliyinə daxil edilib. Analitiklərin fikrincə, bu addım Kremlın uzunmüddətli müharibəyə və alyansla qarşıdurmaya hazırlaşdığını təsdiqləyir. Rusiya sərhədlərində artan gərginlik, Gürcüstandakı NATO təlimləri və ABŞ rəsmilərinin son bəyanatları bu ehtimalı gücləndirir.
Siyasi şərhçi bildirib ki, Kreml vəziyyətin ciddiliyinin fərqindədir və yaxınlaşan mümkün dağıdıcı ssenarilərə hazırlaşır.
“Səfərbərliklə bağlı yeni qanunvericilik təşəbbüsləri də məhz bu ehtiyacdan irəli gəlir. Bununla belə, Rusiya unutmamalıdır ki, hər bir dövlətin resursları müəyyən hədlərlə məhdudlaşır. NATO ölkələri ilə açıq toqquşmaya girmək Rusiyanın real imkanlarının çox-çox xaricindədir. Rusiya insan resursları baxımından səfərbərlik yolu ilə kifayət qədər canlı qüvvə toplaya bilsə də, bu qüvvə müasir döyüş texnologiyaları və strategiyalarına uyğun deyil. Ukrayna müharibəsində Rusiya artıq peşəkar hərbçilərinin əhəmiyyətli hissəsini itirib. Səfərbərliklə cəlb olunan şəxslər, hətta Rusiya standartlarına görə belə, zəif hazırlıqlıdır. Müasir döyüş texnologiyalarından xəbərsiz olan bu qüvvə, real döyüş şəraitində effektli nəticə verə bilməz. Hətta bəzi peşəkar hərbçilərin belə müasir müharibə metodları üzrə hazırlıqları kifayət qədər deyil. Digər tərəfdən, Rusiya hərbi sənayesi də ciddi böhran içindədir. Ordunu müasir silah və texnika ilə təmin etməkdə çətinlik yaşanır. Kreml tərəfindən tez-tez vurğulanan “dağıdıcı raket sistemləri” əsasən prototip səviyyəsində mövcuddur və real genişmiqyaslı istehsal yoxdur. Bu silahların böyük hissəsi təbliğat məqsədi daşıyır və daha çox psixoloji təsir üçün istifadə olunur. Rusiya bu gün hətta İran, Şimali Koreya və Çin kimi ölkələrdən hərbi texnika idxal edir. Belə bir durumda — yəni hərbi sənaye zəiflədiyi, ordu təminatı çətinləşdiyi bir məqamda — NATO kimi güclü və texnoloji baxımdan üstün hərbi alyansla qarşıdurma reallıqdan uzaq görünür”.
Siyasi şərhçi əlavə edib ki, NATO-nun gücü yalnız silah və texnika ilə məhdudlaşmır:
“Alyansa üzv olan 30-a yaxın ölkə NATO əməliyyatlarını həm maliyyələşdirir, həm də canlı qüvvə və silah-sursatla təmin edir. Bu da onu dünyanın ən güclü hərbi bloklarından birinə çevirir. Rusiya ilə NATO arasında müharibə baş versə, bu o deməkdir ki, Rusiya eyni anda onlarla dövlətlə qarşı-qarşıya qalacaq. Bu dövlətlərin hərbi və iqtisadi potensialı ilə rəqabət aparmaq Rusiyanın hazırkı imkanlarının çox kənarındadır. Xüsusilə də nəzərə alsaq ki, Rusiya iqtisadiyyatı hazırda dərin böhran dövrünü yaşayır və inkişaf tempi aşağıdır. Belə bir iqtisadi və texnoloji zəmin üzərində NATO ilə açıq qarşıdurma Rusiya üçün real deyil. Nəzəri cəhətdən Rusiya-NATO müharibəsi mümkün sayılsa da, Kreml daxilində hələ də rasional düşünənlər varsa, onlar belə bir qarşıdurmaya şərait yaratmaz. Çünki Ukrayna müharibəsindəki zəifləmə fonunda NATO ilə qarşıdurma Kremlin sonunu gətirə bilər. Ukrayna müharibəsi nə qədər uzun çəkərsə, Rusiya beynəlxalq arenada bir o qədər gücünü itirəcək. Bu prosesin davamı Rusiyanı qlobal təsir imkanları zəif olan, gələcəkdə nüvə silahına sahib olsa belə, ciddi hərbi potensialı olmayan bir dövlətə çevirə bilər”.
Rəfiqə Namazəliyeva,
Aznews.az