Xəbər verdiyimiz kimi, “Azəristiliktəchizat” ASC-dən daxil olmuş müraciət əsasında Tarif (qiymət) Şurasının iclasında əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi qaldırılıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, istilik tariflərinin dəyişməsi keyfiyyətə və xidmətin mahiyyətinə xüsusi təsir göstərməyəcək:
"Tariflər əvvəlcədən aşağı olsa da, struktur dövlət büdcəsi hesabına maliyyələşdirilirdi. "Azəristiliktəchizat" təşkilatının fəaliyyəti hökumətin qərarları və maliyyə imkanları çərçivəsində dəstəklənirdi. Bu qurum əvvəldən zərərlə işlədiyini bəyan edir və zərərləri dövlət büdcəsi hesabına ödənilirdi. Hazırda qiymət artımı xidmətin keyfiyyətini artırmayacaq və ya xidmət sahəsini genişləndirməyəcək. Sadəcə xidmətin dəyəri əvvəl də yüksək idi, fərq ondadır ki, ziyanı büdcə qarşılayırdı. İlin əvvəlində qaz və işıq tarifləri də artırılmışdı. İstilik təchizatı isə məhz qaz və elektrik enerjisi ilə mümkün olur. Minimal əmək haqqı da artırılmışdı. Bu da "Azəristiliktəchizat" əməkdaşlarının sosial və əmək şəraitinin yaxşılaşdırılmasına yönəlib".
Ekspertin sözlərinə görə, xərclərin artması və büdcə asılılığının azaldılması fonunda tarifin qaldırılması qərarı verilib.
"Məqsəd dövlətin bu sahəyə ayırdığı dotasiyanı azaltmaqdır. Ucqar ərazilərə istilik xidmətinin göstərilməsi isə səmərəli deyil. Mərkəzləşdirilmiş istilik əsasən çoxmərtəbəli binalarda tətbiq olunur. Fərdi evlərdə və ucqar bölgələrdə bu sistemin qurulması baha başa gəlir və effektiv sayılmır. Buna görə də xidmət daha çox iri şəhərlərdə və yaşayış komplekslərində tətbiq olunur. Tarif artımı köklü dəyişiklik yaratmayacaq. Sadəcə olaraq, dövlət büdcəsinin yükü vətəndaşın üzərinə keçiriləcək. Əvvəllər istehlakçılar hər kvadratmetr üçün 30 qəpik ödəyirdilərsə, indi bu rəqəm 45 qəpik olacaq. Amma bu, bütün vətəndaşlara şamil olunmur. Fərdi kombisi və ya kompleksin daxili istilik sistemi olan sakinlər bu artımdan təsirlənməyəcək. Söhbət yalnız "Azəristiliktəchizat"ın müştərilərindən, yəni əsasən köhnə binalarda yaşayanlardan gedir. Yeni binalarda isə ya sakinlər fərdi istilik sistemləri quraşdırır, ya da kompleksin öz istilik təchizatı olur və kommunal haqlar aylıq ödənilir.
Hazırda "Azəristiliktəchizat"ın müştəriləri 50% daha çox ödəyəcəklər. Bu, sadə hesablamadır. Əgər 70 kvadratmetrlik evdə əvvəl aylıq 21 manat ödənilirdisə, indi bu məbləğ 31 manat 50 qəpik olacaq. Yəni vətəndaş daha çox vəsait ödəyəcək. Qərar bütün istehsalçılara deyil, yalnız "Azəristiliktəchizat"ın müştərilərinə aiddir. Təşkilatın maliyyə vəziyyəti bu yolla yaxşılaşacaq və dövlət büdcəsindən asılılığı azalacaq. Qurum əvvəllər də zərərlə işləyirdi və istiliyi güzəştlə təqdim edirdi. İndi isə bu siyasətdən imtina olunur. Tariflər ötən il də artırılmışdı, bu il də artırılır. Məqsəd tarifləri bazar reallığına və xidmətin real dəyərinə uyğunlaşdırmaqdır",- deyə X.Kərimli yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI