İran Prezidenti Məsud Pezeşkian bölgə ölkələri, xüsusilə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və müsəlman dövlətləri arasında birliyə çağırıb.
KONKRET.az xəbər verir ki, Pezeşkian bu fikirləri çıxışı zamanı səsləndirib: “Biz birlikdə hərəkət etməliyik. Ətrafımızdakı bütün müsəlmanlarla bir yerdə. Əgər biz bir olsaq, başqaları buraya gələ bilməz”.
Azərbaycanla münasibətlərə toxunan İran Prezidenti qeyd edib ki, əvvəllər Bakının mövqeyi ilə bağlı müxtəlif fikirlər səsləndirilib, lakin o, şəxsən Azərbaycanda olub və ölkə xalqını “bizim doğmalarımız, yaxınlarımız” adlandırıb.
“Necə ola bilər ki, mən ora gedib onlarla ittifaq qura bilmirəm, amma İsrail bunu bacarır? Özümə sual verməliyəm – mənim səhvim nədədir, niyə qardaş və bacılarımla dost və sağlam münasibət yarada bilmədim, amma İsrail bunu bacardı? Günah məndədir, onlarda yox. Onlar bizim bacı-qardaşlarımız, doğmalarımız və yaxınlarımızdır”, – deyə Pezeşkian bildirib.
Natiq Səlim,
KONKRET.az