AZ

Bankların üzündən Qafqazda ən pis reytinq qazanmışıq...


Akif Nəsirli: “Azərbaycanda belə vəziyyətin mövcud olmasının əsas səbəbi bankların inhisarçılığıdır”

Cənubi Qafqaz ölkələrində bankların real sektora kredit qoyuluşlarının həcminə görə ən sonuncu yerdə Azərbaycandır.

Halbuki, regionda ən böyük iqtisadiyyata malik olan ölkə Azərbaycandır. Ancaq buböyüklük bir sıra maliyyə göstəricilərində, o cümlədən kredit qoyuluşunun həcmində müşahidə edilmir. Halbuki, illər əvvəl bu göstərici üzrə də lider ölkə idik. Bank sektorunun 2025-ci ilin birinci yarısı üzrə göstəricilərinin təhlili göstərir ki, Gürcüstanın bank sektoru, son illərdə olduğu kimi, kredit qoyuluşunun həcminə görə regionda liderliyini saxlayır. Belə ki, Gürcüstan bankları yola saldığımız yarımil ərzində kredit portfelini 4,3% artıraraq 22,6 milyard dollardan 24,3 milyard dollara çatdırmağa nail olublar. Portfelin ən çox artımı – 10,3% digər qonşumuz olan Ermənistan banklarına məxsusdur. Bu ölkədə banklar kredit portfelinin həcmini 15,8 milyard dollardan 18 milyarda artırıblar. Ən az artım (3,6%) Azərbaycan banklarında olub. Ölkəmizin bankları portfelin həcmini 16.2 milyard dollardan 16,7 milyarda dollara yüksəldə biliblər. Azərbaycan niyə belə sonuncu yerdədir?

“Kredit faizləri artırsa, bu zaman kredit qoyuluşları azalır”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Problem ondadır ki, Azərbaycanda bank sektorunun inkişafı çox geri qalır. Hazırda dünyada müasir bankçılığın yüzə yaxın aləti var. Azərbaycanda isə bunların cəmi bir neçəsi işləyir. Bizdə banklar yalnız kredit alətindən istifadə edirlər. Necə deyərlər, sələmə pul verməklə məşğuldular. Digər alətlər isə, demək olar indi işləmir. Müəyyən qədər lizinq, məişət texnikasının götürülməsi məsələsi var, amma bunlar da çox yüksək faiz dərəcələrinə malikdir. Hətta real sektora qoyulan kreditin də faiz dərəcəsi kifayət qədər yüksəkdir. Azərbaycanda belə vəziyyətin mövcud olmasının əsas səbəbi bankların inhisarçılığıdır. Ölkədə kifayət qədər bank olsa da, banklar müstəqil deyil və asılıdırlar. Asılılıq da onların inkişaf etməsinin qarşısını alır. Digər problem onunla əlaqədardır ki, ölkədə kifayət qədər sərbəst maliyyə vəsaitləri olduğu halda bankların manevr imkanları məhduddur. Ölkədə yaranmış şərait bankların nizamnamə kapitalının yüksəlməsinin qarşısını alır. Burada bankların kiçik portfellərlə böyük faizlərdənböyük portfellərlə kiçik faizlərə keçməsinin qarşısını alır. Bankın inkişaf etməsinin ən ümdə tramplini bundan ibarətdir. Yəni banklar böyük portfellərlə kiçik faizlərə keçsin. Kredit portfeli o qədər böyüsün ki, o böyümə maliyyə arenasında kreditə tələbatı üstələsin. Bu isə faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxarsın. Banklar oliqarxiyaya bağlı olduğuna görə və sindikat əlaqələr qurma imkanı olduğu üçün bu keçidi etməyə imkan verilmir. Məsələn, ötən il Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında belə bir təklif irəli sürdü ki, kiçik portfel böyük faizlərə, böyük portfel kiçik faizlərə keçməlidir. MB sədri bu təklifi versə də, bunun arxasında təminat mövcud deyil. İki il əvvəl MB kommersiya banklarının cəlb etdiyi vəsaitlərin MB-də qalan ehtiyatlarını 25 faizə qədər artırdı. Bu o deməkdir ki, hər hansı bir bank 100 milyon ucuz vəsait cəlb edirsə, MB onun 25 milyonunu özündə ehtiyat olaraq saxlayır. Həmin vəsait artıq dövriyyəyə daxil olmur. Dövriyyəyə daxil olmadığına görə, bankın cəlb etdiyi vəsait bahalaşır. Vəsaitin bahalaşması da kreditin bahalaşmasına gətirib çıxarır. Halbuki, MB sədri bu təklifi verəndə ehtiyatları yarıbayarı azaltmalı idi. Nəticədə bu il kredit faizləri daha da artıb. Kredit faizləri artırsa, bu zaman kredit qoyuluşları azalır. Ona görə də Azərbaycan kredit qoyuluşuna görə qonşu ölkələr arasında ən geridədir”.

Vidadi ORDAHALLI

Seçilən
1
baki-xeber.com

1Mənbələr