Qara dənizin rütubətli torpaqlarında təbii şəkildə bitən bu ot həm ənənəvi təbabətdə, həm də mətbəxdə min illərdir istifadə olunur.
E-saglam.az xəbər verir ki, hətta yol kənarında belə böyüyən bu bitki, orqanizmdəki iltihabı aradan qaldırır, eyni zamanda sakitləşdirici təsiri ilə stressi və gərginliyi azaldır.
Xalq arasında kəldirik otu və ya xoran kimi tanınan ispit otu, Qərbi Qara dəniz bölgəsində bol tapılır. Təbii şəraitdə, xüsusilə yol kənarlarında böyüyən bu bitki, sağlamlıq üçün təqdim etdiyi faydalarla diqqət çəkir.
İltihab əleyhinə təsiri və immun sisteminə dəstəyi
İspit otunun tərkibindəki güclü antioksidantlar orqanizmdə iltihab yaranmasının qarşısını alır və mövcud iltihabı təbii yolla azaldır. A, C və K vitaminləri, dəmir, kalsium və maqnezium kimi maddələrlə zəngin olması onu immun sistemini gücləndirən təbii vasitəyə çevirir. Mövsümi keçidlər zamanı qrip və infeksiyalara qarşı qoruyucu təsiri ilə seçilir.
Stress və narahatlığa qarşı təbii dəstək
İspit otu yalnız fiziki sağlamlığa deyil, psixoloji rahatlığa da töhfə verir. Tərkibindəki bəzi maddələr stressi və narahatlığı azaldır, orqanizmi sakitləşdirir və yuxu problemlərinə qarşı faydalı təsir göstərir. Hətta bəzi revmatik xəstəliklərin dəstəkləyici müalicəsində istifadə olunur.
Mətbəxdə də yerini alıb
Qara dəniz bölgəsinin mətbəxində geniş yer tutan ispit otu, zeytun yağında qızardılır, xəmirlərə içlik kimi əlavə olunur, şorba və salatlarda istifadə edilir.
Diqqət: allergik reaksiyalar mümkündür
Bütün faydalarına baxmayaraq, ispit otu bəzi insanlarda qaşınma, dəri səpkiləri, mədə narahatlığı və şişkinlik kimi allergik əlamətlərə səbəb ola bilər. Bu simptomlar müşahidə olunarsa, dərhal istehlak dayandırılmalı və həkimə müraciət edilməlidir. Xüsusilə xam şəkildə istifadə zamanı bu hallar daha çox görünə bilər.
Tərcümə: Könül Oruc
E-saglam.az