
Zərdab və Mingəçevirin sabiq icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babazadənin zərərçəkmiş kimi tanındığı cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Reyting.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Babəli Babazadə tərəflərin suallarını cavablandırıb.
Bu iş üzrə “Uniklinika”nın baş həkimi Aruz Əliyev və onun dostu Ehtiram Kərimov həbs olunub. İttihama əsasən, onlar Babazadəyə məxsus 2 milyon manat dəyərində əmlakı sataraq qazanılan vəsaiti ələ keçiriblər.
Təqsirləndirilən Ehtiram Kərimovun vəkili məhkəmədə deyib ki, B.Babazadə ilə E.Kərimov arasında münasibətlər Türkiyədən qayıtdıqdan sonra bitməyib, əksinə zərərçəkmiş onun toyunda iştirak edib. Babazadə özü də bu faktı təsdiqləyib.
Vəkil həmçinin zərərçəkmişə 5 ildən sonra niyə şikayət etdiyini də soruşub. Babazadənin suala cavabı belə olub: “Hər dəfə məni aldadırdılar. Bu gün verəcəyəm, sabah verəcəyəm deyirdilər. Mən Ehtirama evin sənədlərini verəndə dedim ki, indi 30 minə ehtiyacım var, sənədləri də bu şərtlə verirəm. Tapşırdım ki, evi satma”.
Zərərçəkmişin sözlərinə görə, əvvəlcə Aruz Əliyevlə tanış olub və bütün məsələlər barədə onunla məsləhətləşib. Babəlinin dedikləri Ehtiram Kərimovu özündən çıxarıb: “Yalan danışırsan! Sən mənim pulumla yeyib-içirdin. Türkiyədə “zaloq”da qalmışdın, səni mən xilas elədim. Vergi borcuna görə ölkəyə giriş-çıxışın bağlı idi, onu da mən aradan qaldırdım. İndi deyirsən “stop”un olmayıb. Bəs niyə qayıdıb əmlaklarını özün satmırdın? Çünki pulu ona-buna yedizdirmişdin”.
Cinayət işini araşdıran hakim Mahirə Kərimova özü də Babəli Babazadəyə sual verib. Hakim ondan külli miqdarda qiyməti olan əmlakları özgəsinə necə etibar etdiyini soruşub: “Sizin 2 milyon vergi borcunuz olub. Aruz da deyib ki, sən çıx get Türkiyəyə, mən həll edəcəyəm. Siz buna necə inandınız? Özü də ali təhsilli adamsınız. Vergi borcu elə bir şeydir ki, ancaq hüquqi qaydada həll edilə bilər. Bunu bilməli idiniz”.
Zərərçəkmiş şəxs cavab olaraq deyib ki, Aruz onların ailə həkimi olub. Münasibətləri də həmişə yaxşı olduğu üçün hər şeyi onunla məsləhətləşib.
Vəkillər onu da gündəmə gətiriblər ki, Babəlinin atası Lütvəli Babayev uzun illər yüksək vəzifədə, o cümlədən müxtəlif rayonların icra başçısı postunda olub. Buna baxmayaraq, Babazadə nəyə görə atasına yox, başqa adamlara müraciət edib?
Babəli bu suala cavab verməkdən zərərçəkmiş kimi imtina edib.
Eks-icra başçısı Lütvəli Babayev özü də bu işdə şahiddir. Növbəti iclas üçün o da məhkəməyə çağırılacaq.
Xatırladaq ki, Lütvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.