Ötən gün Rusiya Daxili İşlər Nazirliyinin (DİN) bazasında “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin axtarışa verildiyi barədə məlumat dərc edilib. Ənənəvi olaraq məlumat bazasında Şıxlinskinin hansı "cinayət" üzrə axtarışa verildiyi qeyd olunmayıb. Onun Cinayət Məcəlləsinin maddəsi üzrə axtarıldığı bildirilib.
Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb. O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib.
Məlumata görə, Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə işin başlanmasına səbəb iyulun əvvəlində "Bakı Plaza"nın yaxımnlığında baş vermiş insident olub. "Kommersant" nəşrinin Ural bölməsi qeyd edir ki, Rusiyanın hüquq mühafizə orqanları Şahin Şıxlinskinin də həmin hadisədə güya rolu olub. O zaman Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları diaspor təşkilatının oğlu Mutvəli Şıxlinskinin idarə etdiyi avtomobildə hücum ediblər.
Qeyd edək ki, iyulun 30-da Sverdlovsk məhkəməsi M.Şıxlinskinin həbs-qətimkan tədbirinin yumşaldılması barədə şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.
Bundan əlavə, nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları əməkdaşları Şahin Şıxlinskini 2001-2011-ci illərdə baş verdiyi iddia olinan "qətl hadisələri"ndə iştirak etdiyini düşünürlər. Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti sözügedən hadisələrə görə Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.
Rusiyanın Sverdlovsk vilayətindəki Azərbaycanlıların Mədəniyyət, Gənclər və İdman Mərkəzinin rəhbəri Vidadi Mustafayev “Kommersant-Ural”a bildirib ki, böyük ehtimalla Azərbaycan diasporunun yeni rəhbərinin seçilməsi üçün toplantı keçiriləcək. Mustafayev də öz namizədliyini irəli sürəcəyini bildirib. O, Şahin Şıxlinskinin rəhbərlik etdiyi təşkilatın qanunsuz olduğunu iddia edib.
Qeyd edək ki, Mustafayev bir müddətdir Rusiya mətbuatına ard-arda açıqlamalar verir.
Ekspertlər deyir ki, Rusiya xüsusi xidmət orqanları ölkədə həmyerlilərimizi bir-birinə qarşı qoymaq üçün yeni əməliyyata başlayıb, onlar özlərinə yaxın olan azərbaycanlıları da bu işə cəlb etməyə çalışırlar.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Modern.az-a açıqlamasınada deyib ki, diasporlar ölkələr arasında inkişaf agentləri kimi xarakterizə olunurlar.
O bildirib ki, onların əsas məqsədlərini təşkil edən amillər arasında münasibətlərin əsasında etimad yaratmaq, resursları səfərbər etmək və davamlı inkişafı dəstəkləməkdir.
“Bununla belə diasporlara yalnız iqtisadi vasitəçi kimi baxılması da düzgün deyil. Onlar körpülər qurmaq və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı təşviq etməklə iki ölkə arasında insani, sosial və mədəni zənginləşməyə güclü töhfə verirlər. Diaspor, həmçinin miqrantların hüquqlarının müdafiəçiləri kimi də nəzərdən keçirilir, tez-tez yeni miqrantların inteqrasiyasına dəstək verir və əmək miqrasiyası kontekstində işçilərin hüquqlarının maraqlarını, eləcə də sənədsiz miqrasiya və qeyri-qanuni miqrasiya kateqoriyalarına aid olanlar üçün insan hüquqlarını müdafiə edir. Yəni, fəaliyyəti çoxşaxəli olmaqla yanaşı, əsas amal odur ki, münasibətlərə müsbət təkan verilsin, etimad gücləndirilsin”.
Deputat qeyd edib ki, miqrasiya kontekstində diskurs zamanı diasporlar bir tərəfdən vətənləri ilə əlaqəli şəxsiyyətlərlə bağlı aydınlıq axtaran, digər tərəfdən isə ev sahibi cəmiyyətdə inteqrasiya yolları axtaranlar arasında münasibətlərlə də əlaqələndirilir:
“İnkarolunmaz faktdır ki, diaspor güclü təsir vasitəsidir. Ölkələrarası münasibətlərdə gərginliyin azaldılmasına, münasibətlərin müsbət inkişafına təsir göstərirlər.
Rusiya ilə olan münasibətlər isə məlum və gərgindir. Rusiyada indiki məqamda tətbiq edilən anti-miqrant siyasəti də bəllidir. Haşiyəyə çıxaraq deyim ki, ABŞ-da da yürüdülən bənzər siyasəti görürük. Bu baxımdan məsələyə qlobal rakursdan baxdıqda ənənəvi yanaşma müdafiəçiləri ilə müasir baxış tərəfdarları arasında kəskin fərq nəzərə çarpır. Belə ki, sərhədsiz ölkə fenomenini dəstəkləyən tərəfdarlara ənənəvi baxışlı liderlər qarşı çıxırlar. Milli identikliyin itməsinə icazə verilməməsi düzgün və başa düşülən olsa da, bunu məsələn Rusiya üzərindən dəyərləndirsək “Rusiya ruslardan ibarət olmalıdır” deyə bir yanaşma kökündən yanlışdır. Eynilə də digər ölkələr üçün”.
O həmçinin vurğulayıb ki, çoxmillətli ölkələrin daha tolerant, daha inkişafa açıq olduğu tarix boyu sübuta yetirilib. Onun sözlərinə görə, bunu təcrübədə ən mükəmməl qaydada tətbiq edən ölkələr arasında Azərbaycan ilk yerdə qərarlaşır.
“Bir digər həqiqət odur ki, azərbaycanılar Rusiyada sıxışdırılır. Bu vəziyyət uzun müddətdir ki, cəmiyyətdə gərginlik səbəbidir. Çünki Rusiyada yaşayan azərbaycanlıların burda doğmaları, bu və ya digər şəkildə onlarla bağlı şəxslər var. İqtisadi ehtiyac qədər, mənəvi amillər də var ki, bu da insanlar üçün çətinlik, narahatlıq törədir”.
Millət vəkili eyni zamanda Şahin Şıxlinski və onun ailəsi ilə bağlı məqamlara da toxunub:
"Şahin Şıxlınskinin oğlu Mutvəli Şıxlinski izahatında "Bakı Plaza" yaxınlığında baş verən hadisədə onun sağ tərəfində olan güc strukturu əməkdaşını görmədiyini, baş verənlərə görə təəssüf etdiyini bildirdi. Tətbiqi zamanı və ondan sonra şəxsin məsələ ilə bağlı düşüncəsi, hissi kimi müəyyən amillər nəzərə alınsa da qanun hadisədən sonra duyulan hisslər üzərindən deyil, fakt üzərindən işlək mexanizm daşıyır. Rusiya qanunları da deyir ki, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq edilib.
Düşüncəm budur ki, Rusiya-Azərbaycan münasibətləri gərginləşdirilməkdən uzaq tutulmalıdır. Buna hər iki tərəf sərt ritorikadan yanaşsa fərqli və daha sərt donlar geyindirmək asandır. Lakin hər iki tərəfdən proseslərə rasional yanaşma ortaya qoya bilən soyuqqanlı şəxslər məsələləri, ipləri ələ almalıdır. Odur ki, biz bu məsələyə Rusiya xüsusi xidmət orqanlarının orada yaşayan azərbaycanlıları bir-birinə qarşı qoymaq cəhdi kimi baxsaq, bu təbii ki, konstruktiv deyil, destruktiv yanaşma olacaq”.
O həmçinin vurğulayıb ki, eləcə də Rusiya tərəfindən Şahin Şıxlinski barəsində 2001-2011-ci illərdə baş verdiyi iddia olunan "qətl hadisələri"ndə iştirak etməsi kimi geriyə dönüb dosye hazırlamaq son dərəcə yanlış və dağıdıcı yanaşmadır:
“Sual olunur ki, 2025-ci ilə qədər harda idiniz və belə bir şey var idisə niyə üzərindən keçilirdi, niyə indi yada salma ehtiyacı duyuldu? Cavab bəllidir.
Yeni diaspor rəhbəri seçilərkən isə heç düşünmürəm ki, Rusiya buraya təsadüfi insanın düşməsinə göz yumsun. Eləcə də Azərbaycan tərəfi, azərbaycanlılar münasibətləri gərginlik fazasından çıxartmaq qabiliyyətinə malik olan, kritik situasiyalarda qərar qəbuletmə xüsusiyyəti olan şəxsi seçməkdə prioritet tutmalıdır”.
A.Badamov onu da əlavə edib ki, indiyə kimi baş verən və başverə biləcək istənilən ssenari sayıq yanaşma tələb edir:
“Azərbaycanın AZAL təyyarəsi, kompensasiya, üzr və bütün detallarla bağlı istəyi də, tələbi də ən ali səviyyədə diqqətə çatdırılıb. Bunun üzərindən səthi keçilməyəcək və mütləq nəzərə alınmalıdır. Orada yaşayan azərbaycanlılar da, burada olan onların doğmaları da onsuz da gərginlikdən narahatdırlar, bunda maraqlı deyillər. Gərginlik uzun sürə bilməz, bu müddət qlobal layihələrin icrası prosesində ürəkbulandırıcı amillər olduğu qədər, həm də vaxt itkisidir”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da məsələyə öz münasibətini bildirib.
O qeyd edib ki, bu açıqlama Vidadi Mustafayevin yalan və əsassız danışdıqlarından başqa bir şey deyil.
“Mənim bildiyimə görə, o, Rusiyada anadan olub və əvvəldən də Şahin Şıxlınskinin əleyhinə çıxış edib. Yalan danışdığının və böhtan atdığının bariz sübutlarından biri də son müsahibələrindən birində Şahin Şıxlınski haqqında dedikləridir. Belə ki, o iddia edir ki, guya Şahin Şıxlınski əslində Şıxlınski yox, Məmmədovdur. Bu isə tamamilə əsassız və mənasız bir iddiadır”.
E.Şıxlı diqqətə çatdırıb ki, Şahin Şıxlınskinin indiki çətin vəziyyətindən istifadə edərək, Vidadi Mustafayevin diaspora tələm-tələsik rəhbər seçilməsi istəyi çox güman ki, Rusiya xüsusi xidmət orqanlarının təşəbbüsüdür. Onun fikrincə, məqsəd isə öz adamlarını irəli çəkməkdir və bu adamlardan biri də aydın görünür ki Vidadi Mustafayevdir:
“O, indiyə qədər Ural bölgəsindəki diasporun gördüyü işlərin demək olar ki, əksəriyyətini tənqid edib, heç birini müsbət qiymətləndirməyib.
Mənim bildiyimə görə, özü də Azərbaycana buraxılmır. Çünki bir neçə dəfə etiraf edib ki, onu Azərbaycana buraxmırlar.
Dediyim odur ki, bu məsələdə hələ heç nə tam həll olunmayıb. Şahin Şıxlınski haqqında məhkəmə tərəfindən heç bir qərar verilməyib. Lakin diaspor rəhbəri dəyişmək üçün sanki tələsir. Bu isə açıq-aşkar Rusiyanın daxili oyunlarının nəticəsidir və Vidadi Mustafayev də oyunda sadəcə bir alətdir”.