AZ

Sosioloq: Dəbdəbəli yas mərasimləri yalnız maddi yükün artmasına səbəb olur

Ehsan sadə formada, məsələn, bir boşqab plov və ya bir qurtum su ilə də ifadə oluna bilər 

Bakıda fəaliyyət göstərən mərasim evləri  mərasim sahibinin ailəsinə maddi cəhətdən zərər vurur

Şirvan şəhər ağsaqqallarının təşəbbüsü ilə Şirvan bələdiyyəsinin inzibati binasında yas mərasimlərində ehsan süfrələrində yalnız yemək verilməsi ənənəsinin dayandırılması ilə bağlı geniştərkibli görüş keçirilib.
Oxu.Az xəbər verir ki, görüşdə şəhərin tanınmış ağsaqqalları, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ağsaqqallar və din xadimləri qeyd ediblər ki, yas mərasimlərinin əsas məqsədi mərhumun ruhuna ehtiram göstərmək, ailəyə mənəvi dəstək olmaqdır. Bu isə süfrə açmaqla deyil, dua oxunması, Qurani-Kərim tilavəti və anım xarakterli sadə mərasimlərlə həyata keçirilməlidir. Onların sözlərinə görə, yalnız yemək verilməsi ənənəsi dini baxımdan vacib hesab olunmur və əksər hallarda ailələr üçün artıq xərc və sosial təzyiqə səbəb olur.
Çıxışlar zamanı xüsusilə vurğulanıb ki, təşəbbüs yalnız ehsan süfrələrində yemək verilməsinin dayandırılmasını nəzərdə tutur. Digər dini ayinlər - yasin oxunması, duaların edilməsi və anım mərasimləri əvvəlki qaydada davam etdirilə bilər və bu adətlər cəmiyyətin mənəvi dəyərlərinin bir hissəsi olaraq yaşadılmalıdır.
Ağsaqqalların və din xadimlərinin yekdil fikrinə əsasən, bu qərarın əsas məqsədi yas məclislərində israfçılığın qarşısının alınması, ailələrin üzərinə düşən əlavə maliyyə yükünün aradan qaldırılması və dini-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır.
Görüşün sonunda qərara alınıb ki, Şirvan şəhərində yas mərasimlərində yalnız yemək verilməsi ənənəsinə son qoyulsun, bununla bağlı şəhər əhalisi arasında maarifləndirmə işləri aparılsın və ictimaiyyətin dəstəyi ilə bu təşəbbüs mərhələli şəkildə həyata keçirilsin.
Qeyd edək ki, bundan əvvəl də bəzi şəhər və rayonlarda analoji qərarlar qəbul olunub.

Sosioloq Lalə Mehralı Sherg.az-a bildirdi ki, rayon əhalisi təxminən 15–20 il, bəlkə də daha uzun müddət əvvəl bu sistemi qəbul edib:

“Çünki əhalinin əksəriyyəti ehtiyac içərisində yaşayan, heç bir sabit gəlir mənbəyi olmayan insanlardan ibarətdir. Onlar minimum gəlirlərlə ailə büdcəsini idarə etmək məcburiyyətindədirlər. Bu səbəbdən də yas mərasimlərinin dəbdəbəli təşkilinin ev sahibi üçün maliyyə baxımından zərərli olduğunu anlayıb və kollektiv şəkildə bu mərasimlərin lüzumsuzluğu, dini baxımdan əsaslandırılmaması səbəbilə onlardan imtina ediblər. Son illərdə bəzi bölgələrdə yenidən dəbdəbəli yas mərasimlərinə qayıdış müşahidə edilsə də, Bakı şəhəri ilə müqayisədə regionlarda bu sahədə ciddi islahatlar həyata keçirilib. Lakin Bakıda fəaliyyət göstərən mərasim evləri mərasim sahibinin ailəsinə maddi cəhətdən zərər vurur. Belə ki, mərasim üçün alınan ərzaqların cüzi bir hissəsi süfrəyə təqdim olunur, təqdim edilən ərzaqların bir qismi isə istifadəsiz şəkildə geri qaytarılır. Alınan ərzaqların böyük hissəsi mərasimdən sonra ailəyə qaytarılmır və nəticədə bu vasitələrlə mərasim evi həm ərzaqlardan, həm də göstərdiyi xidmətlərdən gəlir əldə edir. Bu proses bir neçə istiqamətdən mərasim sahibinin üzərinə əlavə maddi yük qoyur".

Sosioloqun sözlərinə görə, cəmiyyətin fərdi, kollektiv şəkildə dərk etməsi vacibdir ki, bu cür yas mərasimləri dini baxımdan zəruri deyil və yalnız maddi yükün artmasına səbəb olur:
"Əslində, ehsan sadə formada, məsələn, bir boşqab plov və ya bir qurtum su ilə də ifadə oluna bilər. Yas mərasimi təşkil edən şəxs həmin anda məişət qayğıları, yemək hazırlığı və digər təşkilati məsələlərlə deyil, yaxınını itirməyin ağrısı ilə baş-başa qalmalı və mənəvi yasını yaşamalıdır. Bu istiqamətdə cəmiyyətdə genişmiqyaslı islahatların həyata keçirilməsi və əhalinin dini biliklərə daha dərindən yiyələnməsi mühüm əhəmiyyət kəsb edir. Əhali anlamalıdır ki, ehsanın bu şəkildə təşkili dünyadan köçən şəxsin xatirəsi üçün faydalı deyil və heç bir dini dəyərə əsaslanmır. Pandemiya dövründə bu istiqamətdə müsbət təcrübə formalaşmışdı. Belə ki, insanların yas mərasimi təşkil etmək imkanı olmadığından, onlar bu məqsədlə ayırdıqları maliyyə vəsaitlərini aztəminatlı ailələrin ərzaqla təmin olunmasına yönəldirdilər. Regionlarda aztəminatlı ailələr müəyyənləşdirilir, mərasim üçün ayrılmış büdcə ya birbaşa maddi yardım formasında, ya da ərzaq qutuları şəklində həmin ailələrə təqdim olunurdu. Bu nümunəni müqayisə etdikdə aydın olur ki, yas mərasiminə böyük məbləğlər xərcləyib maddi borc altına düşməkdənsə, bu vəsaiti aztəminatlı ailələrin ehtiyaclarının qarşılanmasına sərf edərək, dünyasını dəyişmiş yaxınlarının ruhuna dua və rəhmət qazanmaq daha məqsədəuyğundur”.
Seçilən
12
sherg.az

1Mənbələr