AZ

Böyük fəlakət yaxınlaşır – Güclü zəlzələ və sunami xəbərdarlığı

İyulun 30-da Rusiyanın Kamçatka bölgəsində 8.7 bal gücündə zəlzələ baş verib. Ekspertlər, eləcə də bəzi ekstrasenslər sunami və digər təhlükələrin yaranacağı barədə xəbərdarlıq edirlər ki, bu da insanlarda xüsusi narahatlıq doğurur. İstanbulda da bu cür güclü zəlzələnin olacağı deyilir. Rusiya əsilli bir bloqer isə sunaminin yaxın vaxtlarda baş verəcəyini iddia edib.

Sitat: "Kamçatkada baş verən zəlzələ sahilyanı ərazidə sunami yaratdı. Hazırda Havay, Yaponiya və Alyaska bölgələri bu təhlükəyə qarşı ciddi xəbərdarlıq altındadır. Bütün alimlər həyəcan təbili çalır. Kamçatkada zəlzələdən sonra hava limanı, məktəb və bağça zərər görüb. Zəlzələ sistemli şəkildə davam edir. Sizcə, bu, təbii hadisədir, yoxsa insan təsiri ilə bağlıdır?"

Yerin təkində hansı proseslər gedir? Dünya böyük fəlakətlə üz-üzədir?

Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, Yer kürəsində seysmik hərəkətlər - yəni zəlzələlər və müxtəlif titrəyişlər daim baş verir. Onun sözlərinə görə, bu proseslər fasiləsizdir:

"İstər yer qabığının qalxması və enməsi, istərsə də müxtəlif gücdə zəlzələlər olsun, bunlar Yer səthinin geoloji dinamikasının təbii hissəsidir. Zəlzələlər öncədən proqnozlaşdırıla bilməsə də, proseslər elm tərəfindən kifayət qədər öyrənilib. Yer qabığı müxtəlif materiklər və tektonik tavalardan ibarətdir. Bu tavalar daim hərəkətdədir və bir-biri ilə toqquşduqda və ya sürtüldükdə yeraltı gərginlik yaranır. Bu gərginliyin boşalması nəticəsində zəlzələ baş verir".

Mütəxəssisin dediklərinə görə, Yer kürəsinin demək olar ki, hər yerində, o cümlədən Azərbaycanda hər gün müxtəlif bal gücündə əsasən zəif zəlzələlər qeydə alınır:

"Bu titrəyişlərin əksəriyyəti hiss olunmur və təhlükə yaratmır. Ümumiyyətlə, 3.5 baladək olan zəlzələlər adətən insanlar tərəfindən hiss edilmir və dağıdıcı gücə malik deyil. 4 baldan yuxarı olanlar hiss oluna bilər, lakin onların da dağıdıcı təsiri yoxdur. 6-6.5 bal gücündə zəlzələlərdən sonra təhlükə riski yarana bilir, amma burada əsas məsələ tikinti normativlərinə düzgün əməl olunmasıdır".
Q.İbrahimli deyib ki, son zamanlarda baş verən bəzi güclü zəlzələlər vəziyyətin ciddiliyini bir daha göstərdi:

"Məsələn, Türkiyədə baş vermiş zəlzələ çox böyük dağıntılara və insan tələfatına səbəb oldu. Bu kimi güclü zəlzələlər bəzi ərazilərdə hər 10-100 ildən bir baş verir. Digər nümunə isə Kamçatkada qeydə alınan 8.7 bal gücündə zəlzələdir ki, bu da son dövrlərdə müşahidə olunan ən güclü zəlzələlərdən biri hesab olunur. Bu, həmin ərazilərdə yeraltı gərginliyin çox yüksək olduğunu və artıq boşaldığını göstərir. Belə hallarda bir müddət həmin ərazidə sakitlik ola bilər".

Müsahibimizin dediklərinə görə, zəlzələləri dəqiq proqnozlaşdırmaq mümkün deyil:

"Azərbaycanda da gündəlik olaraq zəif zəlzələlər baş verir. Amma bu, narahatlıq doğurmamalıdır, çünki ölkəmizdə tikinti zamanı zəlzələ riskləri nəzərə alınır və infrastruktur 8 və daha yüksək ballıq zəlzələlərə hesablanır".

Qorxmaz İbrahimli son olaraq qeyd edib ki, zəlzələnin təkcə özü deyil, yaratdığı fəsadlar da təhlükəlidir:

"Məsələn, Yaponiyada zəlzələdən daha çox sunami böyük zərərlərə səbəb olur. Hökumət bu risklərə qarşı qabaqlayıcı tədbirlər görür. Kamçatkada və digər seysmik zonalarda baş verən hadisələr göstərir ki, təbii fəlakətlərə qarşı həm texniki, həm də təşkilati hazırlıq vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
1
olaylar.az

2Mənbələr