AZ

"Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır" - RƏY

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı, onların sağlam bir şəxsiyyət və sağlam bir gələcək qurması üçün əsas amillərdən biridir. Bu dövrdə uşaqlar yalnız fiziki inkişaf etmirlər, eyni zamanda emosional və sosial baxımdan da formalaşırlar. Gənclər, müxtəlif təcrübələr vasitəsilə öz kimliklərini tapmağa və həyata qarşı münasibətlərini qurmağa çalışırlar. Onların fiziki aktivliyi və düzgün qidalanması, sağlam bədən quruluşu və enerji səviyyəsinin yüksək olmasına kömək edir. Eyni zamanda, müsbət sosial əlaqələr və mənəvi dəstək, özünə inam və psixoloji sağlamlıq üçün vacibdir. Uşaqların və gənclərin doğru istiqamətləndirilməsi və dəstəklənməsi, həm cəmiyyətin, həm də onların öz gələcəkləri üçün mühüm rol oynayır.


Mövzu ilə bağlı Manset.az-a danışan Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin, cəmiyyətin əsas prioritetidir:


"Ümumiyyətlə, insanın xarakteri böyük ölçüdə təkcə şəxsi prinsip və münasibətdən deyil, həm də fiziki-mənəvi inkişafdan asılıdır. Fiziki inkişaf isə  birbaşa mənəvi inkişafla bağlıdır. Sağlam böyümə, inkişaf ilk növbədə emosional dəstəyin düzgün başa düşülməsini tələb edir. Bu gün müasir uşaq və gənclərin dünyagörüşü dəyişir, bu prosesdə hər bir fərdin mənəviyyat səviyyəsi cəmiyyətin ümumi mənzərəsini təşkil edir. Mənəviyyat şəxsiyyətin xüsusi keyfiyyətidir, onun formalaşması həm də sosiallaşma prosesinin tərkib hissəsi hesab olunur.  Təhsil, ailədaxili münasibət, eləcə də bədən tərbiyəsinin uşaq və gənclərin formalaşmasında birbaşa rolu var. 

Hesab edirəm ki, informasiya texnilogiyalarının yüksək sürətlə inkişaf etdiyi, uşaq və gənclərin böyük məlumat axınını mənimsəmək ehtiyacı ilə üz-üzə qaldığı bir vaxtda idman, fiziki inkişaf arxa plana keçməməlidir. Uşaqların və gənclərin mütləq aktiv bədən tərbiyəsinə cəlb edilməsi olduqca vacibdir. Bu, uşaq və yeniyetmələrin fiziki, mənəvi inkişafında böyük önəm kəsb edir. Ümumiyyətlə, müasir cəmiyyət fiziki cəhətdən güclü, sağlam insanlar tələb edir. Bədən tərbiyəsi həm də şagirdlərdə uğurlu əqli və əmək fəaliyyəti üçün zəruri olan keyfiyyətləri inkişaf etdirməyə kömək edir. Daimi bədən tərbiyəsi çevikliyi, dözümlülüyü, stresə qarşı müqaviməti artırır. Eyni zamanda sağlam vərdişlərlə tamamlanan həyat tərzi olduqca vacibdir".

K.Nurullayeva qeyd edib ki, Azərbaycanda da uşaqların və gənclərin fiziki və mənəvi inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur:

"Ölkəmizdə uşaqların keyfiyyətli təhsil alması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması istiqamətində addımlar atılır.  “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaqların müdafiəsinin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyi göstərilməsi kimi əsas istiqamətləri müəyyən edir. Təsadüfi deyil ki, BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə əks olunan və 2016-cı ildən qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri uşaqların rifahının yüksəlməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini şərtləndirir. Dövlət gənclər siyasəti isə gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. 

Ən əsası, gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda, milli dəyərlər əsasında tərbiyə almalıdır".


Seyranə Quliyeva

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Seçilən
4
manset.az

1Mənbələr