ABŞ-nin Çikaqo Universitetində aparılan yeni tədqiqat göstərib ki, qoxular beyin yaddaşına ən güclü təsir edən stimullardan biridir. Alimlər qeyd edirlər ki, uzun illər boyu unudulmuş hesab edilən bəzi xatirələr yalnız tanış bir qoxu ilə ani şəkildə “oyana” bilir.
Redaktor.az xəbər verir ki, tədqiqat zamanı 90-dan çox iştirakçıdan müxtəlif qoxular (uşaq vaxtı yeməkləri, təbiət, kitab kağızı, klassik parfümlər və s.) eşitdikdə hansı hissləri yaşadıqları və ağlına nə gəldiyi soruşulub. Nəticələr göstərib ki, qoxu ilə bağlı xatirələr digər hisslər – görmə və ya səsdən daha canlı və emosional şəkildə yadda qalır.
Araşdırmanın rəhbəri, professor Loren Moss bildirib:
“Beyində qoxu mərkəzi – qoxu soğanağı – hipokamp və amigdala ilə birbaşa əlaqəlidir. Bu iki sahə isə yaddaş və emosiyaların idarəsində əsas rol oynayır. Ona görə də qoxular adətən bizi dərhal illər əvvələ, unudulmuş duyğulara geri aparır”.
Bu kəşf təkcə maraqlı psixoloji fakt deyil. Alimlər hesab edirlər ki, bu bilik Alzheimer və demans kimi nevroloji xəstəliklərdən əziyyət çəkən insanlar üçün yaddaşın reabilitasiyasında yeni qapılar aça bilər. Hazırda bu istiqamətdə “qoxuya əsaslanan terapiya modelləri” sınaq mərhələsindədir.
Nuriyyə NATİQQIZI