AZ

"Şkendiya" Azərbaycan komanadalarının "Qarabağ"a qarşı oynadığı kimi oynayacaq" - Aslan Kərimov

Dünən "Qarabağ" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə 3:0 hesabı ilə yendiyi "Şelburn"u qəbul etdi. Tofiq Bəhramov adına Respublika stadionunda minimal hesablı qələbə qazanan Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsinə yüksəldi. Azərbaycan çempionu bu mərhələdə Rumıniyanın FCSB komandasını mübarizədən kənarlaşdıran "Şkendiya" (Şimali Makedoniya) ilə üz-üzə gələcək. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "Qarabağ"ın "Şkendiya" ilə mübarizəsindən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Düzü, 3:0 hesablı səfər qələbəsindən sonra növbəti mərhələyə hansı komandanın adlayacağı bəlli idi. İrlandiyadakı matçın ardından komandamızda hər şeyin ideal olmadığını vurğulamışdım. Bakıdakı qarşılaşmada da hələ arzulanan səviyyəyə çatmadığımız aşkar sezildi. Bu məqama baş məşqçi Qurban Qurbanovun özü də toxundu. "Şelburn"un futbolçuları lazımi şəkildə pressinq tətbiq edə bilmədilər. Ya uçuşdan sonar yorğun idilər, ya da hava şəraiti buna imkan vermədi. Çünki birinci qarşılaşmanın müəyyən bölümlərində yaxşı pressinqlə yadda qalmışdılar. İkinci hissənin ortalarında onların qol imkanları olsa da, Bakıdakı matçda oyuna nəzarət edən tərəf "Qarabağ" idi. Rəqib 5 müdafiəçi ilə oynayırdı. Müdafiənin önündə qərarlaşan 3 yarımmüdafiəçi də "Qarabağ"ın hücumlarının qarşısını kəsməyə çalışırdı. Qonaqların iki hücumçusu da bəzən özlərinin cərimə meydançasının yaxınlığında gözə dəyirdi. Topu aldıqları zaman effektli hücum qura bilmirdilər. Uzun ötürmələrdən istifadə etməyə çalışsalar da, futbolçularımız, xüsusilə, mərkəz müdafiəçilərimiz bu planın həyata keçməsinə mane olurdular. Əlbəttə, belə sıx müdafiə olunan rəqibə qol vurmaq asan məsələ deyil. Çoxları "Qarabağ"a yeni hücumçu lazım olduğunu, Nəriman Axundzadənin bu işi görə bilmədiyini deyirlər, amma belə deyil. Nərimanın yerində başqa hücumçu da olsaydı, belə kompakt müdafiə olunan rəqibə qol vurmağa çətinlik çəkərdi. Futbolu bilmək, düzgün yanaşmaq lazımdır. Belə matçlarda hücum edən tərəfin vingerləri və yarımmüdafiəçilərinin fərqlənmək ehtimalı daha yüksək olur. Gördüyünüz kimi, qeydə alınan yeganə qolu da özləri vurdular. Yəni hücumçuları qınamaq doğru deyil. Məncə, son oyunda hücumçularla bağlı problem yox idi. Forvardlar kifayət qədər yaxşı oynadılar. Hə, "Qarabağ" Çempionlar Liqasının qrupuna düşsə, böyük komandalara qarşı hansısa təcrübəli hücumçudan istifadə etmək planı qurula bilər, ancaq qrupa qədər yeni forvarda ehtiyac yoxdur. 

"Şkendiya" ilə oyunlara gəlincə, onların FCSB ilə oyunlarını izləmişəm. Rumıniya təmsilçisi ilə qarşılaşsaydıq, bizim üçün daha ağır olacaqdı. FCSB həqiqətən güclü bir kollektivdir. Şimali Makedoniya təmsilçisinə qarşı ev oyununda (1:2) dominant futbol sərgiləyərək boşluqlar verirdilər. Öz meydanındakı görüşdə 1:0 hesablı qələbə qazanan "Şkendiya" müdafiədən oynayırdı. Mərhələni keçən tərəf olsalar da, bu kollektivi FCSB-dən üstün saymıram. Bəlkə də bu, rumınların rəqibə yuxarıdan aşağı baxmasının nəticəsidir. Ötən mövsüm Avropa Liqasının Liqa mərhələsində FCSB-nin "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlməsinin əsas səbəblərindən biri yaxşı müdafiə olunmaları, standart vəziyyətlərdən yaxşı istifadə etmələri idi. Əslində, "Şkendiya"ya da standart vəziyyətlərdən qol və ya qollar vura bilərdilər. Qapıçı inamlı qurtarışları ilə komandasını bir neçə dəfə real qoldan xilas etdi. "Şkendiya" Azərbaycan komanadalarının "Qarabağ"a qarşı oynadığı kimi oynayacaq. Rəqibdən müdafiəyəmeyilli futbol gözləyirəm. Geridən oynayaraq təmsilçimizin səhvlərindən faydalanmağa çalışacaqlar. Düşünürəm ki, "Qarabağ" "Şkendiya"nın öhdəsindən gələcək. Təmsilçimiz belə komandalara qarşı necə oynamaq lazım olduğunu bilir və rəqib müdafiəsini yara biləcək səviyyəli cinah hücumçularına sahibdir".

Nihat

Seçilən
25
2
fanat.az

3Mənbələr