"Microsoft"un "Edge" brauzerini istifadəçilərə qəbul etdirmək cəhdləri "Opera"nı hüquqi addım atmağa vadar edib.
Valyuta.az xəbər verir ki, şirkət "Redmond" nəhənginin tətbiq etdiyi “manipulyativ dizayn taktikaları”nı və rəqabətə zidd metodları əsas gətirərək Braziliyada rəsmi şikayət təqdim edib.
"Opera"nın bu hüquqi müraciəti niyə məhz Braziliyada etdiyi maraq doğura bilər. Səbəb "Opera"nın bu ölkədə geniş istifadəçi bazasına malik olması və bazar payına görə üçüncü yerdə qərarlaşmasıdır. Şirkət ümid edir ki, Braziliyadan çıxacaq müsbət qərar digər ölkələr üçün də qlobal presedent rolunu oynaya bilər. Bu addım, brauzer bazarındakı rəqabət balansını dəyişə biləcək əhəmiyyətli bir inkişaf kimi qiymətləndirilir.
"Opera" şikayətində "Microsoft"un istifadəçiləri "Edge" brauzerinə yönləndirmək məqsədilə "manipulyativ dizayn" və qeyri-rəqabət metodlarından istifadə etdiyini bildirir. İddialar arasında üçüncü tərəf brauzerlərin "Windows" quraşdırılmasına daxil edilə bilməməsi kimi məhdudiyyətlər də var. Bundan əlavə, "Microsoft"un öz tətbiqləri olan "Widgets", "Teams", "Search" və "Outlook" vasitəsilə istifadəçilərin seçimlərini nəzərə almadan, PDF kimi faylları birbaşa "Edge" ilə açması da bu şikayətlərə daxildir. "Opera" hesab edir ki, bu cür təcrübələr istifadəçi təcrübəsinə mənfi təsir göstərir və ədalətli rəqabətə mane olur.
Əgər Braziliyada fəaliyyət göstərən tənzimləyici qurum "Opera"nın lehinə qərar versə, "Windows" sistemində digər brauzerlərin əvvəlcədən yüklənməsi kimi alternativlərin mümkün olması tələb ediləcək. Eyni zamanda, istifadəçiləri "Edge" brauzerinə yönəltmək üçün istifadə olunan və “qara naxışlar” (dark patterns) adlandırılan metodların məhdudlaşdırılması da istəniləcək. Bu isə texnologiya nəhənglərinin istifadəçiləri öz məhsullarına yönəltmə strategiyalarını yenidən nəzərdən keçirməli olduqları anlamına gələ bilər.
Bu yeni hüquqi prosesin brauzer bazarındakı rəqabətə necə təsir edəcəyi və "Microsoft"un siyasətində bir dəyişikliyə səbəb olub-olmayacağı isə zamanla bəlli olacaq.
Paşa Məmmədli