Hurriyyet.az xəbər verir ki, avqustun 8-i Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi ola bilər. Həmin tarixdə ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi möhlət bitir.
"National Security Journal" nəşrinin yazdığına görə, Moskvanın həmin gün atəşkəslə razılaşmayacağı təqdirdə, Tramp Rusiyanı irimiqyaslı yeni sanksiyalar qoyulacağı ilə təhdid edib.
Analitiklərin fikrincə, Putin tərəfindən həqiqi barışıq addımı ehtimalı olduqca aşağıdır: Rusiya daxilində bu, zəiflik kimi görünərdi. Kremlin danışıqları uzadacağı və Qərbə hədə-qorxu gələcəyi güman edilir.
İndi hər şey Trampın qətiyyətindən asılıdır. Əgər o, Rusiya ilə ticarət edən ölkələrə qarşı sərt sanksiyalar tətbiq etmək, Ukraynaya hərbi yardımı artırmaq və Rusiyanın dondurulmuş 300 milyard dollarlıq vəsaitinin müsadirəsini dəstəkləmək vədinə əməl edərsə, bununla müharibənin gedişatını dəyişə bilər. Yarımçıq addımlar isə əksinə, onun nüfuzunu sarsıdacaq və Putinin mövqeyini gücləndirəcək.
Tramp hərəkətə keçməsə, Kreml zahirən diplomatiya görüntüsünü qoruyaraq, “öz şərtləri ilə sülh” diqtə etməyə davam edəcək. ABŞ-ın keçmiş səfiri Con Herbstin qeyd etdiyi kimi, Baydenin “ləng siyasətindən” fərqli olaraq, yalnız qəti addımlar Rusiyanın irləliləməsini dayandırmağa və iqtisadiyyatına zərbə vurmağa qadirdir.
İndi hər şey Trampın əlindədir: o, öz mövqeyinin gücünü dərk edib ondan istifadə etsə, müharibənin sonunu yaxınlaşdıra bilər. Əks təqdirdə, Putin tərəddüdləri yeni hücumlar üçün yaşıl işıq kimi qəbul edəcək.
Hürr Tərcüman