İranın Astara limanında çöküntülər səbəbindən uzun müddət bağlanan ticarət gəmilərinin hərəkəti yenidən fəaliyyətini bərpa edib.
Bizim.Media xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini, Limanlar Təşkilatının rəhbəri Səid Rəsuli bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfdən ilk kommersiya gəmisi Astara limanına yan alıb. 1,600 ton tutumlu gəmi tikinti materialları daşıyır.
Məlumata görə, ötən ildən Xəzər dənizinin suyunun səviyyəsinin azalması və limanın giriş kanalında toplanan çöküntülər gəmilərin hərəkətinə mane olub. Apreldən etibarən çöküntülərin təmizlənməsi işlərinə başlanılıb və indiyədək 150 min kubmetr çöküntü çıxarılıb.
Səid Rəsuli qeyd edib ki, limanın açılması İranın Xəzər dənizindəki ticarət və nəqliyyat imkanlarını artıracaq və bölgədəki liman infrastrukturlarının inkişafına töhfə verəcək. (IRIB News)
Bizim.Media