AZ

Turizm paketi geri qaytarılırmı? -Ekspert yanğın bölgələrinə səyahətlə bağlı DANIŞDI

Türkiyənin bəzi bölgələrində, xüsusilə Antalya, Bodrum və Muğla ətrafında yayılan meşə yanğınları turistlər arasında narahatlıq yaradıb. Səfər planlarını donduran və ya ləğv etmək istəyən bir çox vətəndaş turizm paketlərinin geri qaytarılıb-qaytarılmayacağı ilə maraqlanır.

Bəs belə hallarda nə baş verir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən turizm eksperti Əziz Şiriryev bildirdi ki, insanların təhlükəsiz ərazilərə səyahət etməyə üstünlük verməsi tamamilə təbiidir.

"Tarix boyunca insanlar hər zaman təhlükəsiz ərazilərə səyahət etməyi seçiblər və bu da normal haldır. İnsan istəyir ki, getdiyi yerdə əmin-amanlıq olsun, gəzəcəyi məkanlar iğtişaş və münaqişələrdən uzaq olsun. Təbii fəlakətlər də bu siyahıya daxildir", – deyə ekspert qeyd etdi.

Ə.Şiriryevin sözlərinə görə, turizm paketlərinin geri qaytarılması üçün yalnız bəzi şərtlər mövcuddur:

"Əgər hava yolları aviareysləri tamamilə dayandırıbsa və otellər fəaliyyətini müvəqqəti olaraq saxlayıbsa, bu halda turizm şirkətləri ödənişi geri qaytarır. Amma həmin istiqamətlərə uçuşlar davam edirsə, hotellər fəaliyyətini dayandırmayıbsa və insanlar ora səfər edirsə, bu halda ödəniş geri qaytarılmır. Əksinə, bəzi hallarda cərimələr belə tətbiq oluna bilər".

Ekspert əlavə etdi ki, hər hansı bir bölgədə təhlükə real və rəsmi şəkildə elan edilmədiyi təqdirdə, turizm şirkətləri məsuliyyət daşımır:

"Yəni fərdi narahatlıq əsas götürülmür. Əgər uçuş var, hotellər açıqdırsa və həmin yerə turistlər səfər edirsə, o zaman bu, tur paketlərin ləğvi üçün hüquqi əsas sayılmır".

Nuriyyə NATİQQIZI

Seçilən
18
redaktor.az

1Mənbələr