AZ

Bakıda ilanlar artmayıb, biz onlara yaxınlaşmışıq - ZOOLOQ

Azərbaycanda yay aylarında ilan sancması halları ilə bağlı xəbərlərin artması cəmiyyət arasında bu canlıların sayının çoxaldığı təəssüratını yaradıb. Lakin mütəxəssislər hesab edir ki, bu vəziyyət reallığı tam əks etdirmir.

Mövzu ilə bağlı AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Modern.az-a açıqlama verib. O bildirib ki, zəhərli ilanlar əsasən isti və quru iqlimli bölgələrdə, yarımsəhra və çöllük landşaftlarda geniş yayılıb:

“İqlim şərtlərindən asılı olaraq hansı ölkədə isti, yarımsəhra, dağ ətəyi və dağüstü çöllük landşaftlar çoxdursa, orada ilan növləri də zəngin olur. Cənubi Qafqazda isə bu baxımdan ən çox ilan Azərbaycanda rast gəlinir”.

Zooloq vurğulayıb ki, son illər ilanların daha çox gözə dəyməsi onların sayının artması ilə yox, insan təsiri ilə izah olunmalıdır:

“Hazırda belə bir fikir formalaşıb ki, guya ilanlar artıb. Əslində, ilanların sayı artmayıb. Sadəcə, onların təbii yaşam arealları insanlar tərəfindən mənimsənilir. Əkin sahələri salınır, infrastruktur genişlənir, yaşayış massivləri artır. Nəticədə, ilanlar məcburən köç edir, yaşamaq üçün əlverişli sahələrə üz tuturlar. Bu səbəbdən də bəzi hallarda ilanlar hətta Bakıətrafı qəsəbələrə qədər gəlib çıxırlar”.

T. İsgəndərov əlavə edib ki, bu dəyişikliklər həm də insan sıxlığının artması ilə bağlıdır:

“Əvvəllər hansısa ərazidə 5 nəfər yaşayırdısa, indi 50 nəfər yaşayır. Əhalinin artımı ilə yanaşı, insanların təbiətlə təması da çoxalıb və buna görə ilanlara rast gəlmək ehtimalı da yüksəlib”.

Azərbaycanda 7 növ əqrəb var - zəhərli olan Qara əqrəb təkcə Naxçıvandadır

Zooloq əqrəblərlə bağlı vəziyyətə də aydınlıq gətirib. Onun sözlərinə görə, ölkəmizdə ümumilikdə 7 növ əqrəb mövcuddur:

“Əqrəblər əsasən quraq və daşlıq ərazilərdə yaşayır. Daş, kəsək altına baxsanız, rast gəlmək mümkündür. Amma içərisində ən iri ölçülü və spesifik olan növ - Qara əqrəb yalnız Naxçıvanda yayılıb”.

İsgəndərov bildirib ki, qara əqrəbin zəhəri bioloji aktiv elementlərə malikdir və tibb sahəsində xammal kimi istifadə oluna bilər:

“Bu əqrəbin zəhəri bəzi hallarda müalicəvi əhəmiyyət daşıyır. Amma bir qram zəhər əldə etmək üçün təxminən 3000 - 3500 əqrəb tələb olunur. Bu proses üçün əqrəblər ya təbiətdən toplanmalı, ya da xüsusi şəraitdə saxlanmalıdır. Lakin Azərbaycanda bu istiqamətdə təcrübə yoxdur, yəni əqrəblərdən zəhər alınması və istifadəsi praktik olaraq həyata keçirilmir”.

Seçilən
3
4
modern.az

5Mənbələr