AZ

Finlandiyada “Konstitusiya və Suverenlik İli” münasibətilə tədbir keçirilib

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə Finlandiyanın paytaxtı Helsinkidə “Dostluq” Cəmiyyətinin təşəbbüsü ilə xüsusi tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə finlandiyalı diplomatlar, universitet müəllimləri və professorlar, ölkənin tanınmış biznes adamları, həmçinin Azərbaycanın və digər ölkələrin diaspor nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “Dostluq” Cəmiyyətinin sədri Təranə Nəzərova 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının Azərbaycan üçün əhəmiyyətini vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiyanın ədalət, qanunun aliliyi və insani dəyərlər prinsipi üzərində qurulduğunu, Azərbaycanın bu prinsiplərlə demokratik və suveren dövlət kimi daimi inkişaf yolunda olduğunu diqqətə çatdırıb.

Sonra tanınmış rəssam, həmvətənimiz Çingiz Abbasov çıxış edərək, Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması barədə qərarın mahiyyətini qonaqlara izah edib. O, həmçinin belə tədbirlərin keçirilməsinin mədəniyyətlərarası dialoq və dostluq üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə, həmçinin Azərbaycan ilə Finlandiya arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni layihə və proqramların həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Daha sonra qonaqlar üçün ziyafət təşkil olunub, Joensuu Şəhər Konservatoriyasının fortepiano müəllimi Kamal Aşurbəyli tərəfindən musiqi parçaları ifa edilib.

Seçilən
16
azertag.az

1Mənbələr