Bu yay Serbiyanın “Napredak” klubundan ayrılmış vinger Nikola Karaklayiç bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.
30 yaşlı futbolçu ilə 2 illik sözləşmə imzalanıb. Serbiyalı futbolçu yeni klubuna azad agent kimi qoşulub.
Nikola Karaklayiç Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsidir. O, karyerası ərzində “Vozdovaç”, “Sindeliç”, “Çukariçki”, “Pribram”, “Javor”, “İskra”, “Aspropirqos”, “İndjiya”, “Anagennisi Karditsa”, “Panaçaiki”, “Novi Pazar” kimi klubların formasını geyinib. 2024-cü ildən “Napredak”da çıxış edən vinger bu klubun heyətində 33 oyuna 2 qol və 2 assistlə yadda qalıb.
Serbiyanın U-20 yığmasında oynamış Karaklayiçə əsas millidə debüt qismət olmayıb.
“İmişli” daha öncə Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas, Hüseynəli Quliyev və Ezekiel Morqanı da heyətinə qatmışdı.
Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarov, Cavidan Qasımlı və Rəhim Osman komandanı tərk ediblər. Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov, Dioqo Vaskes Rollo, Elmir Rəhimzadə və Lətif Rzayevlə isə yeni müqavilə imzalanıb.