Suriyanın elektrik stansiyaları Azərbaycan qazını texniki cəhətdən qəbul etməyə hazırdır.
“Report” SANA-ya istinadən xəbər verir ki, bunu Suriyanın Dövlət Elektrik Enerjisi İstehsalı üzrə Korporasiyasının baş direktoru Məhəmməd Fadila bildirib.
Onun sözlərinə görə, elektrik stansiyaları qaz nəqliyyat şəbəkələrinin xidmət işləri tamamlandıqdan, eləcə də Kilis-Hələb qaz kəməri vasitəsilə Türkiyə tərəfinə qoşulduqdan sonra texniki cəhətdən Azərbaycanın "mavi yanacağ"ını qəbul etməyə hazır olacaq.
M.Fadila qeyd edib ki, bu layihə təkcə Suriyada elektrik təchizatı vəziyyətinin yaxşılaşdırılmasına yönəlməyib, həm də ölkənin bərpası və sabitliyin möhkəmləndirilməsi səyləri kontekstində mühüm strateji, iqtisadi və humanitar aspektlərə malikdir.
Elektrik Enerjisinin Ötürülməsi və Paylanması üzrə Dövlət Korporasiyasının baş direktoru Xalid Əbu Dey isə gözləyir ki, layihənin həyata keçirilməsi avqustun 1-dən başlayaraq müxtəlif Suriya əyalətlərində elektrik enerjisinin verilmə saatlarını gündəlik təxminən 10 saata qədər artırmağa imkan verəcək.
Türkiyə və Suriya Energetika nazirlikləri ötən gün Azərbaycan qazının Suriyaya rəsmi tədarükünün 2025-ci il avqustun 2-də başlayacağını elan ediblər. Bu addım Suriya, Türkiyə və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq sazişinin bir hissəsi olub.
Suriya Energetika Nazirliyinin məlumatına görə, saziş çərçivəsində Azərbaycandan qaz elektrik stansiyalarının işi üçün nəzərdə tutulmuş gündəlik təxminən 3,4 milyon kubmetr "mavi yanacağ"ın tədarükü planlaşdırılır. Bu, istehsal olunan elektrik enerjisinin həcmini 700-900 meqavat artırmağa imkan verəcək.