Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı tamamlanmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, məhkəmə ifadəsində bildirib ki, Azərbaycana ölkənin su ehtiyatına yatırım etmək məqsədilə gəlib: "Mən gəldiyim günün ikinci günü sorğuya alındım".
A.Derraz qeyd edib ki, passiv korrupsiyada və cinayət yolu ilə əldə olunan pulların leqallaşdırılmasında təqsirli bilinir. İfadəsinin davamında o deyib: “2018-ci ilin noyabr ayının sonu, oktyabr ayının əvvəlində Fərhad Əhmədovun ofisindən mənimlə əlaqəyə girdilər. Həmin dövrdə onun boşanması məsələsi ilə bağlı məhkəmə çəkişməsi var idi.
Mənimlə əlaqəyə keçməzdən əvvəl London məhkəməsi qərar vermişdi ki, Fərhad Əhmədovun dünyanın bütün yerlərində olan əmlakları dondurulsun. Həmin dövrdə mənimlə bir əmlakla bağlı əlaqəyə girmişdi. Bu da Dubayda olan yaxtası ilə bağlı idi. Həmin əmlak 500 milyon dollar dəyərində qiymətləndirilmişdi. Bacarığıma görə Dubayda hamı məni tanıyırdı. Bilirdilər ki, bacarıqlı biriyəm, işimin öhdəsindən gələcəm.
Fərhad Əhmədovla hüquqi müqavilə imzalamışdım ki, ona göstərəcəyim, verəcəyim məsləhətlər qanuni forma kimi görünsün. Tam pulu almaq üçün isə zəmanət verirdik ki, iş uğurla həll olunacaq. 5 ay müddətində mənim hesabıma avans olaraq pul köçürüldü, lakin əsas məbləğ hələ qalırdı. Çünki əsas məbləğ iş tam həll olunandan sonra köçürülməli idi".