Bu gün böyük Azərbaycan şairiMəhəmmədhüseyn Şəhriyarın anadan olmasının 119-cu ildönümüdür.
Yenisabah.az şairin həyat və yaradıcılığına dair maraqlı faktları təqdim edir.
Məhəmmədhüseyn Behcəti Şəhriyar 1906-cı ildə Təbrizin Bağmeşə bölgəsində, tanınmış hüquqşünas Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, orta təhsilini Təbrizdə aldıqdan sonra Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Lakin ali təhsilini yarımçıq qoyan Şəhriyar, xalq təbabətinə dərindən bələd olduğu üçün uzun müddət həkimliklə də məşğul olub. pizza hut
Şairin ilk şeir kitabı 1931-ci ildə Tehranda işıq üzü görüb. Kitabın ön sözləri dövrünün üç görkəmli ədibinin - Məlikü-şüəra Bahar, Səid Nəfisi və Peyman Bəxtiyarinin imzası ilə nəşr olunub. Lakin onu Azərbaycan poeziyasında əbədiyaşarlığa qovuşduran əsas əsər “Heydərbabaya salam” poemasıdır. Sadə və axıcı bir dillə yazılan bu əsər Azərbaycan türkünün gündəlik həyatını, mədəniyyətini, duyğularını və milli kimliyini bütün dərinliyi ilə əks etdirir.
Poema əlyazma şəklində dövrün ziyalıları arasında yayılaraq böyük rezonans doğurmuş, elmi və ədəbi mühitdə maraqla qarşılanmışdı. Əsər haqqında tənqidçi Mehdi Rövşənzəmir belə yazırdı:
“Heydərbaba dağı bir gün yerlə-yeksan ola bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır.”
Şəhriyarın həyatında iz qoyan hadisələrdən biri də tələbəlik illərində sevdiyi Sürəyya adlı qızla bağlıdır. Rza şahın yaxın qohumu Əbdülhüseyn Teymurtaşın Sürəyyaya aşiq olması onların yollarını ayırır. Bir versiyaya görə, məhz bu səbəbdən Şəhriyar Nişapura sürgün edilir. Başqa bir iddiaya əsasən isə onun sürgünə göndərilməsinə rejimi tənqid edən qəsidəsi səbəb olub.
Sevgilisini son dəfə görmək ümidi ilə Behcətabad parkına gedən Şəhriyar səhərə qədər gözləyir, lakin Sürəyyanı gətirmirlər. Elə həmin gecə o, məşhur “Behcətabad xatirəsi” şeirini yazır:
“Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.”
Şairin təxəllüsü - “Şəhriyar”, böyük sufi şair Hafizin divanından götürülüb. Məşrutə inqilabı dövründə ailəsi onu Heydərbaba dağının ətəyində yerləşən Xoşginab kəndinə, nənəsinin yanına göndərir. Məhz bu təcrübə onun “Heydərbabaya salam” poemasının bünövrəsini qoyur.
Məhəmməd Əmin Rəsulzadə şairin adını və “Heydərbabaya salam” poemasını Türkiyəyə tanıdan şəxs olub. Həyatı boyu Quzey Azərbaycana səfər etmək arzusu ilə yaşayan Şəhriyar bu istəyinə çata bilməyib. M.P.Vaqifin 250 illik yubileyinə dəvət olunsa da, süni əngəllər səbəbindən Bakıya gələ bilməyib.
Şəhriyar əsərlərini həm Azərbaycan, həm də fars dillərində yazsa da, “Heydərbabaya salam” poemasını farscaya tərcümə etmək istəyi uğursuzluqla nəticələnib.
Şair 18 sentyabr 1988-ci ildə Tehranın “Mehr” xəstəxanasında dünyasını dəyişib. O, 20 sentyabrda Təbrizin “Surxab” qəbiristanlığındakı "Məqbərətüş-şüəra”da (Şairlərin məqbərəsi) dəfn edilib.
Onun vəfat etdiyi gün - 18 sentyabr Cənubi Azərbaycanda hər il “Milli şeir günü” kimi qeyd olunur.
Aydan Hacı
Telegram kanalımız