Valideyn üçün övladın sağlamlığı çox dəyərlidir. Körpə yaşlarından başlayan sağlamlıq problemləri isə ailə və həkim üçün böyük məsuliyyət və sınaqdır. Bu çətin, eyni zamanda, böyük zəhmət, dözüm və səbir tələb edən işdə uşaq cərrahlarının rolu danılmazdır. Onlar hər bir ailənin sevinc mənbəyi olan uşaqların sağlamlığa qovuşmasında böyük rol oynayırlar. Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin cərrahı Alşan Paşazadə də bu missiyanı vicdanla, elmi əsaslarla və böyük həssaslıqla yerinə yetirən həkimlərdəndir.
Təhsil və ixtisaslaşma
O, 2013–2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. Tələbəlik illərində Türkiyədə – Okmeydanı Eğitim və Araşdırma Xəstəxanasında təcili yardım və daxili xəstəliklər üzrə təcrübə keçib.
2019–2025-ci illərdə Azərbaycan Tibb Universitetinin Uşaq cərrahiyyəsi ixtisası üzrə rezidentura təhsilini Mərkəzi Gömrük Hospitalının klinik bazasında tamamlayıb. Həmin dövrdə o, Uşaq Cərrahiyyəsi şöbəsinin rəhbəri Vüsal Cəfərovun kuratorluğu altında zəngin təcrübə qazanıb, müxtəlif uşaq cərrahi patologiyaların müalicəsində fəal iştirak edib.
Fəaliyyət sahələri
Alşan Paşazadənin cərrahi fəaliyyəti geniş spektrli uşaq patologiyalarını əhatə edir: Anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri (hidronefroz, vezikoureteral refluks, hipospadiya, epispadiya, kriptorxizm və s.), həzm sistemi anomaliyaları (qida borusu atreziyası, traxeya-ezofageal fistula, bağırsaq atreziyaları, hirschsprung xəstəliyi, pilor darlığı və s.), qaraciyər və dalaq kistaları və təcili cərrahi hallar - invaginasiya, appendisit, yad cisim udulması, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtığı, uşaqlarda travmalar. Həmin sahələrdə o, təcili cərrahiyyə müdaxilələrini yüksək səviyyədə və uğurla həyata keçirir.
Təcrübə və nailiyyətlər
Alşan Paşazadə 2025-ci ildən Mərkəzi Gömrük Hospitalının uşaq cərrahıdır. Akademik və klinik təcrübəsini artırmaq məqsədilə bir sıra konfrans və təlimlərin iştirakçısıdır. O, 2022-ci illərdə “Uşaqlarda vezikoureteral refluks xəstəliyində yanaşı, uroloji problemlər və xroniki qəbizliyin proqnoza təsiri” adlı elmi iş, “Orqan və toxuma transplantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri” konfransı, 2023 -cü ildə Avropa Pediatrik Cərrahlar Assosiasiyası tərəfindən təşkil olunmuş “Pediatrik Endoskopik Cərrahiyyə üzrə Ustad Dərsi və Təlim”, 2024-cü ildə Azərbaycan FETAL Araşdırma Qrupu tərəfindən təşkil olunmuş “Cərrahi korreksiya olunan bilan gastrointestinal anomaliyalar” konfransında, 2025-ci ildə Azərbaycan Pediatriya Cəmiyyətinin “Uşaqlarda sidik yolları infeksiyalarının cərrahi səbəbləri” seminarında iştirak edib.
Məqsədi – uşaqlara sağlam gələcək bəxş etmək
Uçaq cərrahı Alşan Paşazadə üçün hər xəstənin müalicəsi, sadəcə, tibbi prosedur deyil, həyata addım atmağa hazırlaşan bir insanın ömrünün yarıda qırılmasının qarşısını almaq, bir ailənin sevincinə səbəb olmaq deməkdir. Hər bir əməliyyat, hər bir müalicə prosesində o, valideynlərə dəstək olmağı, uşaqların gələcəyini sağlam şəkildə təmin etməyi qarşısına məqsəd qoyur.
Həkimin qəbuluna yazılmaq üçün: