Amerika yenidən geosiyasi səhnədə dirijor roluna qayıdır və bu dəfə partitura birbaşa ABŞ Prezidenti Donald Trampın özü tərəfindən yazılıb. Söhbət sadəcə sanksiyalardan getmir - bu, qlobal enerji bazarını silkələyəcək ultimatumdur. Şotlandiyada Böyük Britaniyanın baş naziri Keir Starmerlə birgə çıxışı zamanı Tramp açıq şəkildə bəyan etdi: Rusiya 10-12 gün ərzində Ukraynadakı müharibəni dayandırmasa, rus neftinin bütün alıcılarına qarşı 100 faizlik tariflər tətbiq olunacaq. Bu artıq diplomatiya deyil - bu, "qlobal ədalət" donuna bürünmüş sərt iqtisadi hücumdur.
Ultimatumun vaxtı - Trampın geosiyasi aləti
Əvvəllər Rusiya üçün 50 günlük vaxt qoyulmuşdu. İndi isə bu müddət cəmi bir həftə ilə məhdudlaşdırılıb. Trampın bu ritorika dəyişimi təsadüfi deyil. Ağ Ev klassik təzyiq modellərindən imtina edərək, onu "ticarət şok terapiyası" ilə əvəzləyir. Məqsəd - Kremlə gözləmədiyi anda zərbə endirib hesablarını alt-üst etmək və eyni zamanda Pekinlə Yeni Dehlini konkret seçim qarşısında qoymaqdır. Tramp üçün bu, yalnız hərbi əməliyyatların dayandırılması məsələsi deyil. Bu - iqtisadi, mənəvi və strateji liderliyin nümayişidir.
Əgər Moskva geri çəkilməsə, Vaşinqton "ikinci dərəcəli sanksiyalar" tətbiq edəcək. Bu, təzyiq arsenalında yeni mərhələdir. Söhbət birbaşa Rusiyadan deyil, onunla əməkdaşlıq edənlərdən gedir. Yəni hədəfdə Kreml yox, onun əsas neft müştəriləri - Hindistan və Çin olacaq.
Neft ultimatumunun fonunda bazarda panika
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Rusiya gündəlik təxminən 4,7 milyon barrel xam neft ixrac edir - bu da qlobal istehlakın təxminən 4,5 faizinə bərabərdir. Üstəlik, 2,5 milyon barrel də neft məhsullarıdır. Əgər bu həcmlərə 100 faizlik tariflər qoyularsa, qlobal enerji bazarında yeni bir şok yaşanacaq. Artıq bazar buna reaksiya verir: neftin qiyməti bazar ertəsi günü 3 faizə yaxın qalxıb. Bu, sadəcə spekulyasiya deyil - real təhlükəyə cavabdır.
Vaşinqton yaxşı anlayır ki, rus neftinin tam blokadası beynəlxalq ticarət zəncirlərinə dərin müdaxilə olmadan mümkün deyil. Məhz buna görə "ikinci dərəcəli tarif" aləti işə düşür - bu, rus neftini iqtisadi cəhətdən sərfəsiz, hətta zərərlə edən modeldir.
Hindistan - təzyiqin mərkəzində
Hazırda Hindistan rus neftinin ən böyük dəniz alıcısıdır - gündəlik təxminən 1,5 milyon barrel. ABŞ Yeni Dehli ilə ağır və çətin danışıqlar aparır. Bir tərəfdən, Hindistan ABŞ üçün vacib geosiyasi partnyordur - xüsusilə Çinə qarşı strateji qarşıdurma kontekstində. Digər tərəfdən, Hindistanın ucuz enerji mənbələrini qorumağa çalışması onu zəif nöqtəyə çevirir. Hindistan güzəştlər istəyir, istisnalar tələb edir, amma Tramp mesajı açıq verir: ya razılaşma, ya da cəza.
Cəza isə yalnız iqtisadi olmayacaq. Ağ Evdən sızan məlumata görə, Vaşinqton Hindistana qarşı texnoloji embarqonu da nəzərdən keçirir - mikrosxemlərdən tutmuş müdafiə sənayesinə qədər. Bu isə Hindistanın "ikinci Çin" statusuna ciddi zərbə ola bilər.
Çin - alıcı, yoxsa təhdid?
Çinlə bağlı vəziyyət daha mürəkkəbdir. Pekin Rusiyadan gündəlik 2 milyon barrelə qədər neft alır - həm boru kəmərləri, həm də dəniz yolları ilə. Çin artıq ABŞ sanksiyalarının, ixrac qadağalarının və ticarət məhdudiyyətlərinin təzyiqi altındadır. Amma buna baxmayaraq, Moskva ilə enerji əlaqələrini davam etdirir. Vaşinqton anlayır: Çin Hindistan deyil. O, təzyiqlə rus neftindən əl çəkməyəcək. Amma ona bunu daha baha başa gətirmək mümkündür.
Trampın Çinlə bağlı illüziyası yoxdur. Əksinə, o, Çin faktorundan öz müttəfiqlərinə xəbərdarlıq kimi istifadə edir: "Baxın, kimə dayaq olursunuz - Pekin müharibəni maliyyələşdirir." Yəni, Moskvanın ultimatumla təhdid edilməsi həm də anti-Amerika cəbhəsinin bölünməsinə hesablanmış siyasi gedişdir.
ABŞ açıq şəkildə bəyan edir: əgər Çin rus neftini almaqda davam etsə, "nəhəng tariflərlə" üzləşəcək. Bu, təkcə Çin iqtisadiyyatına zərbə deyil, həm də daxili sabitliyi sarsıtmaq cəhdidir - qiymət artımı, enerji çatışmazlığı, investisiya axınının dayanması.
Səssiz eskalasiya: Moskvanın reaksiyası çox gözlətmədi
Moskva isə cavab addımını çox gözlətmədi. İyulda Rusiya Qara dənizdə xarici tanker vasitəsilə neft göndərilməsini dayandırdı. Rəsmi açıqlamaya görə, bu "müvəqqəti təhlükəsizlik tədbiridir". Amma əslində bu, qlobal reaksiya sınağıdır. Kreml aydın mesaj verir: əgər bizim ixracımızı kəssəniz - biz də boğazları bağlayarıq. Hətta qısa müddətli belə bir blokada neftin qiymətini 100-110 dollar/barrel səviyyəsinə qaldıra bilər.
Bundan başqa, Rusiya "qara donanma" adlanan tünd sxemləri də gücləndirir - yəni radar siqnalı verməyən, monitorinq sistemlərinə daxil olmayan, neytral sularda tanker-tanker üsulu ilə neft ötürən "ghost ship"lər. Bu gəmilər Rusiya neftinin "kölgə iqtisadiyyatında" baş alətə çevrilib və hazırda amerikalı ekspertlərin ən böyük başağrısı məhz onlardır.
OPEK+ və təhlükəsizlik körfəzi: ehtiyatlar kifayət edəcəkmi?
Bu fonda dünyanın gözü yenidən Fars körfəzinə dikilib. Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri hələ də müəyyən həcmdə sərbəst hasilat gücünə malikdirlər. Amma hətta onların ümumi ehtiyatı - gündəlik 3,8 milyon barrel - Rusiyanın bazar payını tam əvəzləməyə yetmir. Ən əsası isə budur ki, ərəb monarxiyaları artıq Vaşinqtondan gələn hər zəngə cavab verməyə həvəsli deyillər - xüsusilə də son illərdə Pekinlə yaxınlaşma və çoxqütblü diplomatiya fonunda.
OPEK+ ölkələrinin özləri də ehtiyatlı davranır. Onlar tələsik şəkildə bazardakı potensial çatışmazlığı kompensasiya etmək istəmirlər. Çünki bu, yenidən artıq hasilat, qiymətlərin çöküşü və növbəti ticarət savaşları riskini doğura bilər. Səudiyyəlilər ABŞ-ı dəstəkləyə bilərlər, amma bunun üçün qarşılıqlı təminat istəyirlər - yüksək qiymətlər, uzunmüddətli müqavilələr və siyasi tanınma.
Cümə - dönüş nöqtəsi
Trampın ultimatumla verdiyi son tarix - cümə günü - qlobal siyasətdə simvolik "qırılma nöqtəsi"nə çevrilir. Ssenarilər iki seçim üzərində qurulub: ya Hindistan tələbləri qəbul edir, Rusiyadan neft idxalını azaldır, Vaşinqtonla razılaşma imzalayır və tariflərdən yaxa qurtarır; ya da ABŞ-a etdiyi bütün ixracın üzərinə 25% tarif və əlavə "cəza paketi" ilə üzləşir - təkcə iqtisadi deyil, həm də texnoloji və siyasi formada.
Bu, Yeni Dehli üçün sadə ticarət məsələsi deyil - bu, Hindistanın geosiyasi kimliyi ilə bağlı qərardır. Baş nazir Narendra Modi Tramp qarşısında zəif görünə bilməz, xüsusən də ABŞ mediasında yayılan bu narativ fonunda: "Yalnız bizim təzyiqimiz sayəsində yazda Hindistan-Pakistan gərginliyi dayandırıldı". Rəsmi Yeni Dehli bəyan edir ki, xarici siyasətinə müdaxiləyə dözməyəcək. Amma qeyri-rəsmi müstəvidə kompromis variantlar araşdırılır.
Amerika oyunun qaydalarını dəyişir
Trampın strategiyasının əsas elementi - klassik sanksiyaların yeni alətlərlə əvəzlənməsidir. "İkinci dərəcəli tariflər" artıq sadəcə ticarət aləti deyil - bu, total nəzarət mexanizmidir. ABŞ artıq nəyisə qadağan etmir - o, kim bu qadağalara tabe olmursa, onu cəzalandırır.
Əgər bu model tam şəkildə işə düşsə, Hindistan, Çin, Türkiyə, Cənubi Afrika, Malayziya və hətta bəzi Avropa ölkələri qarşısında konkret sual duracaq: "Ya bizimləsiniz, ya da qarşımızdasınız." Cəza isə müharibəyə görə deyil, müharibə aparanla əməkdaşlığa görə veriləcək.
Bu, qlobal düzənin transformasiyasıdır. Tramp sadəcə Obamanın və Baydenin sanksiya mexanizmini dəyişmir - o, beynəlxalq münasibətlərin yeni memarlığını qurur: ticarət - sanksiya kimi, logistika - silah kimi, enerji - hegemonluq aləti kimi.
Bazarlar tufanı gözləyir
Neft bazarı - qlobal siyasətin ən həssas indikatorlarından biridir. Artıq prosesə reaksiya verilir: qiymətlərin artması, Asiyada qeyri-sabitlik, fyuçers bazarlarında gərginlik. Çərşənbə günü məlum oldu ki, ABŞ-da xam neft ehtiyatları analitiklərin azalma proqnozlarına rəğmən, 7,7 milyon barrel artıb. Bu o deməkdir ki, qısamüddətli təchizat sabitdir. Amma bazardakı psixoloji inamsızlıq artıq qiymət mexanizminin altına "bomba" qoyur.
Əgər Rusiya qlobal bazardan qismən sıxışdırılsa, Hindistan və Çin rus neftini ya "qara sxemlərlə", ya barter mexanizmi ilə almağa cəhd edəcək. Bu isə "kölgə iqtisadiyyatına" təzyiqləri artıracaq və "boz donanmanın" rolunu daha da böyüdəcək. Əgər Hindistan təzyiqlərə boyun əysə, Rusiya gündəlik 2,3 milyon barrelə qədər ixrac itkisi ilə üzləşə bilər - bu isə illik on milyardlarla dollar zərər deməkdir.
"Kölgə donanması" və enerji qaçaqmalçılığı: diplomatiya üzərindəki qaranlıq
Vaşinqtonda gündəmin bir nömrəli mövzusu - "ghost ships", yəni "kölgə donanması" adlanan sirli tanker filosudur. Bu gəmilər rus neftini sanksiyalardan yan keçməklə daşımaları ilə tanınır. Onlarla tanker - adətən Panama və ya Marşall adalarının bayrağı altında üzən, transponder siqnalı verməyən, açıq dənizdə neft ötürməsi aparan və radarlardan "yoxa çıxan" gəmilər - hazırda Kremlə sabit neft gəliri təmin edir. CSIS-in məlumatına görə, bu sistem Putinə təkcə iqtisadi dayanıqlıq deyil, həm də müharibəni maliyyələşdirmək üçün resurs verir. "Futures Lab"ın rəhbəri Benjamin Jensen açıq bildirir: bu donanma olmasaydı, Kreml çoxdan diz çökərdi.
ABŞ bu nəqliyyatı sadəcə sanksiyaların pozulması kimi deyil, strateji təhlükə kimi qiymətləndirir. Çin bu yolla daşınan nefti aldıqda, Vaşinqton bunu artıq neytral mövqe yox, faktiki müharibə tərəfdaşlığı kimi dəyərləndirir - hətta Pekin rəsmi olaraq neytral mövqe sərgiləsə belə.
Söhbət artıq təkcə neftdən getmir. Bu, qlobal iqtisadi sistemin xaos dövründə nə qədər idarə oluna biləcəyinə dair bir sınaqdır. Tramp isə ümidini diplomatiyaya yox, rəqəmlərə bağlayıb: +100% tarif tətbiq et - və müştəri özü təchizatçıdan imtina edəcək.
Qlobal rezonans və ittifaqların yenidən formalaşması
Dünyanın aparıcı paytaxtları diqqətlə prosesi izləyir. Avropa İttifaqı hələlik prosesə qarışmamaq xəttini tutur - Brüssel hesab edir ki, ABŞ nə qədər sərt davranırsa, o qədər də yüksək risk var: transatlantik ticarət müharibəsinə cəlb olunmaq. Paris və Berlin isə "Şimal axını" əhvalatını, 2022-2023-cü illərdəki enerji böhranını unutmamışdılar və eyni ssenarini təkrarlamaq istəmirlər: Avropa soyuqda qalır, ABŞ isə yeni bazarlar qazanır.
Yaponiya artıq Vaşinqtonla razılaşma imzalayıb və sərt tariflərdən yayınmağa nail olub. Cənubi Koreya və Vyetnam isə danışıqlar mərhələsindədir. Amma Hindistan, Braziliya və hətta Türkiyə hələ də bu orbitin xaricindədir. Tramp isə açıq mesaj verir: "Neytrallıq qəbul edilməyəcək. Ya bizimləsiniz, ya da sanksiyaların hədəfi."
Bununla yanaşı, Tramp gözlənilmədən Pakistanla ticarət danışıqlarına başlamaq niyyətini bəyan edib. Hətta ABŞ şirkətinin Pakistan ərazisində neft hasilatına başlaya biləcəyini dilə gətirib. Bu, birbaşa Yeni Dehliyə ünvanlanan mesajdır: "Alternativiniz var, amma bu alternativ zəmanətli deyil."
Nəticələr: təkcə tarif yox, yeni dünya düzəni
Trampın Kremlə qarşı ultimatumları - sadəcə neft, müharibə və ya sanksiya mövzusu deyil. Bu, yeni dünyanın manifestidir. ABŞ artıq "uzun oyun" oynamır - o, dərhal itaət tələb edir. Təhlükə altına düşən təkcə Rusiya iqtisadiyyatı deyil, həm də qlobal sərbəst ticarət sistemi və bütöv liberal iqtisadi modeldir.
Əgər "ikinci dərəcəli tariflər" reallaşarsa, bu, dünya iqtisadiyyatında yeni dövrün başlanğıcı olacaq. Formalaşacaq modeldə Vaşinqton qaydaları diktə edir, qalan dünya isə ya bazarı, ya prinsipi seçməlidir. Bu, "ticarət əsrinin" bitməsi, "geoiqtisadi diktatın" başlamasıdır.
Əgər Hindistan təslim olsa - bu, Trampın xarici iqtisadi siyasətində ən böyük qələbəsi olacaq. Əgər Çin neft alışlarını azaldarsa - bu, qlobal enerji balansında dönüş nöqtəsi olacaq. Əgər Rusiya əsas alıcılarını itirərsə - büdcəsi çökər, iqtisadiyyat kollapsa uğrayar. Amma əgər heç biri baş verməsə - ABŞ təzyiq alətini itirəcək, Tramp isə müttəfiqlərinin inamını.
Hər bir halda, oyun artıq başlanıb. Bu dəfə isə qoyulan məbləğlər - sadəcə yüksək deyil, tarixi dərəcədə böyükdür.