AZ

"Bu razılaşma ABŞ-nin qələbəsi ilə başa çatdı" - Ekspertdən açıqlama

ABŞ və Avropa İttifaqı arasında gömrük rüsumlarına dair əldə olunan razılaşma qlobal iqtisadi balans üçün mühüm əhəmiyyət kəsb edir. Dünya ticarətində uzun müddətdir hökm sürən gərginlik bu razılaşma ilə müəyyən qədər səngimiş kimi görünür. Tərəflər arasında 1 trilyon dollardan artıq ticarət dövriyyəsinin olması, bu tip razılaşmaların yalnız regional deyil, eyni zamanda beynəlxalq iqtisadi sabitliyə də ciddi təsir göstərdiyini ortaya qoyur. Bəs, bu razılaşma qlobal iqtisadiyyata necə təsir edəcək?


Mövzu ilə bağlı Manset.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu razılaşma faktiki olaraq ABŞ-nin üstünlüyü ilə başa çatıb:

"Bu anlaşma, Amerika qalibiyyəti ilə başa çatdı. Çünki Amerika istədiyini əldə etdi. Bir müddət dünya ticarətində sakitlik yaranmağa başladı və ticarət müəyyən dərəcədə nəfəs aldı. Əgər 1 trilyon dollardan çox ticarət dövriyyəsi olan Amerika və Avropa İttifaqı arasında ciddi bir ticarət qarşıdurması baş versəydi, bu, bütün dünya iqtisadiyyatına və ticarətinə mənfi təsir göstərərdi. Lakin nəticədə, məsələ Amerikanın üstünlüyü ilə bitdi. Çünki Avropa həm 15 faiz rüsum ödəməyə razılaşdı, həm də yaxın illərdə Amerika iqtisadiyyatına yarım trilyon dollardan çox investisiya qoymağa razı oldu. Bu, olduqca ciddi bir məsələdir. Trampın komandası tərəfindən tətbiq olunan tarif siyasəti nəticəsində müəyyən güzəştlər qoparmaq mümkün oldu və bu, dünyada yeni bir tendensiya yaratdı".

Ekspertin sözlərinə görə, bu razılaşma təkcə ABŞ-nin iqtisadi mövqeyini gücləndirməklə kifayətlənmir, eyni zamanda gələcək ticarət danışıqlarında sərt mövqenin uğurlu nəticələr verə biləcəyini də göstərmiş olur.


Seyranə Quliyeva

Seçilən
12
manset.az

1Mənbələr