''Fənərbaxça'' Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində ''Feyenoord''a qarşı oyundan öncə sonuncu yoxlama matçını keçirib.
İstanbul nəhəngi doğma ''Çobani Stadionu''nda ''Latsio'' ilə qarşılaşıb. Joze Mourinyo əsas heyətdə bu futbolçulara şans verib: İrfan Can Eğribayat, Mərt Müldür, Yusuf Akçiçək, Oostervolde, Braun, Fred, Bartuğ Elmaz, İrfan Can Kahveci, Şimanski, Oğuz Aydın, Duran. Fasilədə dəyişiklik olmasa da, ikinci hissənin gedişində bu oyunçular meydana daxil olub: Yigit Efe Dəmir, Amrabat, Ən-Nəsiri, Çağlar Söyüncü, Cengiz Ündər, Levent Mercan, Ciku.
''Fənər'' xüsusilə ilk yarıda rəqibindən bir baş üstün oynayıb. İrfan Can Kahvecinin artıq 1-ci dəqiqədə zərbəsindən sonra, eləcə də Mərt Müldürün ilk yarının sonlarında gələn zərbəsi zamanı italyanları qoldan dirək xilas edib. İlk yarıda Bartuğ Elmaz ilə Şimanski də gözəl fürsətləri əldən verib. Oyunda yeganə qol 59-cu dəqiqəyə təsadüf edib. Rəqib müdafiəçilərdən topu oğurlayan Ən-Nəsirinin ötürməsindən sonra İrfan Can Kahveci topu tora göndərib.
Beləliklə, ''sarı-lacivərdlilər'' bu yay keçirdikləri 6 hazırlıq oyunundan 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət ilə ayrılmış oldular. ''Fənər'' İstanbulda keçirdiyi ilk yoxlama oyununda ''Fatih Karagümrük''lə 2:2 bərabərə qalmışdı. Komanda daha sonra Portuqaliya toplanışında ''Portimonense''ni 2:1, ''Uniao Leyriya''nı 2:0, ''Əl-İttihad''ı 4:0 yenmiş, ''Benfika''ya isə 2:3 məğlub olmuşdu.
Qeyd edək ki, ''Feyenoord''a qarşı ilk oyun avqustun 6-da Niderlandda baş tutacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta