AZ

Myanmada 4,5 illik fövqəladə vəziyyət ləğv edilib

Myanmanın hərbi hökuməti 2021-ci ildən bəri tətbiq olunan fövqəladə vəziyyəti ümumi seçkilər öncəsi ləğv edib. Kyodo agentliyinin məlumatına görə, bu bəyanat hərbi xunta başçısı general Min Aun Hlaynın sədrliyi ilə keçirilən Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasından sonra verilib.

Hərbi hökumət sözçüsü Zo Min Tun bildirib ki, 2021-ci ildə hərbi çevrilişdən sonra tətbiq edilən fövqəladə vəziyyət ölkənin demokratik sistemə keçidi ilə əlaqədar ləğv edilib.

“Fövqəladə vəziyyət bu gün ləğv edilib ki, ölkədə çoxpartiyalı demokratiya yolunda seçkilər keçirilə bilsin.

Region mediasının məlumatına görə, fövqəladə vəziyyətin ləğvi ilin sonuna qədər vəd edilən seçkilərin keçirilməsi və daxili nizamlanmaya nail olmaq üçün zəruri addım kimi qiymətləndirilir.

Bir gün əvvəl Min Aun Hlayn, paytaxt Neypyidoda keçirilən tədbirdə dekabr ayında seçki keçirmək niyyətini bir daha təsdiqləyib və bütün seçicilərin iştirakını təmin etmək üçün səylər göstəriləcəyini söyləyib.

Myanmada hərbi xunta 2020-ci il ümumi seçkilərində hökuməti saxtakarlıqda ittiham etdikdən sonra və artan siyasi gərginlik fonunda 2021-ci il fevralın 1-də hakimiyyəti ələ keçirib.

Çevriliş günü ordu ölkənin faktiki lideri və xarici işlər naziri Aun San Su Çjini, eləcə də bir neçə digər yüksək vəzifəli məmuru və hakim partiyanın üzvlərini saxlayıb. Bir il davam edən fövqəladə vəziyyət rejiminin müddəti qeyri-sabitlik bəhanəsi ilə bir neçə dəfə uzadılıb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının 2024-cü ilin sentyabrında verdiyi məlumata görə, Myanmada hərbi çevrilişdən sonra ən azı 5350 mülki şəxs öldürülüb və 3,3 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr