Tbilisi, 31 iyul, AZƏRTAC
Gürcüstanın Kvemo Kartli bölgəsində azərbaycanlıların yığcam yaşadıqları Dmanisi bələdiyyəsinin Orzman (ikinci adı Aşağı Oruzman) kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı erkən hominidə aid alt çənə sümüyü aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, tapıntı arxeoloq Giorgi Bidzinaşvilinin rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkar edilib. Mütəxəssislərin fikrincə, çənə sümüyü təxminən 1,8 milyon il əvvələ aid olub və Dmanisidə əvvəllər tapılmış hominid qalıqları ilə eyni dövrə təsadüf edir.
Ərazidə, həmçinin ibtidai heyvanların sümükləri və primitiv daş alətlər də tapılıb. Gürcü akademik Davit Lordkipanidze bu kəşfin erkən insan təkamülü və onların ilk məskunlaşma prosesi ilə bağlı elmi araşdırmalar üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Tapılmış materiallar Gürcüstan Milli Muzeyinə təhvil veriləcək və burada onların üzərində ətraflı laboratoriya tədqiqatları aparılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi