AZ

Rusiya Trampın hədəsinə Kiyevə hücumla cavab verdi – 8 nəfər öldü, biri uşaqdır

İyulun 31-nə keçən gecə Rusiya Ukraynanın paytaxtı Kiyevə raket və dronlarla güclü hava hücumu həyata keçirib.

Modern.az-ın məlumatına görə, Ukrayna rəsmiləri bildirib ki, hücum nəticəsində azı 8 nəfər, o cümlədən 6 yaşlı bir oğlan uşağı həyatını itirib, 100-ə yaxın adam yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski səhər açıqlamasında bildirib ki, Rusiya tərəfindən Kiyevə 300-dən çox pilotsuz uçuş aparatı (PUA) və 8 raket göndərilib. “Bu gün dünya bir daha gördü ki, Rusiya sülh istəklərimizə belə cavab verir. Deməli, güc olmadan sülh mümkün deyil”.

Kiyev meri Vitali Kliçko isə bu hücumun 3,5 illik müharibə ərzində bir gecədə ən çox uşaq yaralanması ilə nəticələndiyini deyib, ümumilikdə 9 uşaq xəsarət alıb, 5-i xəstəxanaya yerləşdirilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemi 288 dron və 3 qanadlı raketi məhv edib. Bununla belə, 5 raket və 21 dron hədəfə çatıb.

Gecə saat 12-dən etibarən şəhər ard-arda partlayışlarla silkələnib. Səhər açılan kimi fövqəladə hallar xidmətləri dağıntılar arasında axtarış-xilasetmə işlərinə başlayıb. Şahidlərdən biri olan 62 yaşlı Yurii Kravçuk bildirib ki, hava hücumu siqnalını eşitsə də, sığınacağa çatmağa imkan tapmayıb. “Arvadımı oyatmaq istəyirdim, partlayış oldu. Qızım xəstəxanalıq oldu,” – deyə o, "Reuters"ə danışıb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, xilasedicilər bir binada dağıntı altında qalan şəxsi üç saatlıq əməliyyatla, qonşu mənzilin divarını deşərək sağ çıxara biliblər.

Hücum nəticəsində şəhərin 27 müxtəlif yerində məktəblər və xəstəxanalar da daxil olmaqla bir sıra mülki obyektlər zərər görüb. Zelenski bunun hava hücumundan müdafiə sistemlərini çökdürmək üçün “qəsdən hesablanmış, amansız hücum” olduğunu vurğulayıb.

Trampın xəbərdarlığı və Putinin cavabı

Hücum ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı 10 gün ərzində sanksiyalar tətbiq olunacağı ilə bağlı xəbərdarlığının ardınca baş verib. Tramp çərşənbə axşamı bildirib ki, əgər Moskva müharibənin dayandırılması istiqamətində irəliləyiş göstərməzsə, avqustun 10-dan etibarən tariflər və digər tədbirlər qüvvəyə minəcək.

Ukraynanın Baş naziri Yuliya Svırıdenko hücumu Trampın “möhlətinə” cavab kimi qiymətləndirib: “Bu, Putinin Trampa cavabıdır. Dünya buna beynəlxalq tribunal və maksimum təzyiqlə cavab verməlidir.”

Rusiya Müdafiə Nazirliyi isə hücumların “Kiyevin hərbi-sənaye kompleksinə aid müəssisələrə və sursat anbarlarına” qarşı həyata keçirildiyini iddia edib. Lakin şəhərdə mülki itkilərin çoxluğu bu iddianı kölgə altına salır.

Elnur Əmirov

Seçilən
18
modern.az

1Mənbələr