Azərbaycan yerləşdiyi regiona görə seysmik aktiv zonada qərarlaşır və burada dağəmələgəlmə prosesi hələ də davam edir
Azərbaycanın cənubunda zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Astara stansiyasından 16 km şimal-qərbdə Lerik rayonunda zəlzələ qeydə alınıb.
Bildirilib ki, zəlzələ hiss olunmayıb.
Yeraltı təkan yerli vaxtla 14:03-də baş verib.
3.5 maqnitudalı zəlzələnin dərinliyi 31 km-dir.
Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, son vaxtlar zəlzələylə bağlı panika yaranmasının əsas səbəbi, iki gün əvvəl Kamçatkada baş vermiş hadisə ilə bağlıdır:

“8.8 bal gücündə qeydə alınmış bu zəlzələ istisna xarakterli seysmik hadisə kimi qiymətləndirilir. Belə miqyaslı hadisələr əhali arasında ciddi narahatlıq və təşviş yaradır. Uzun illər ərzində seysmologiyada bu səviyyədə bir zəlzələ müşahidə olunmamışdı. Bu, demək olar ki, son bir neçə onillikdə ilk dəfə qeydə alınan ən güclü zəlzələdir. Bununla belə, qeyd etmək lazımdır ki, vulkanik və seysmik hadisələr Yer səthində mütəmadi olaraq baş verir. Xüsusilə zəlzələlər yəni yeraltı titrəyişlər Yer kürəsində daimi geodinamik proseslərin tərkib hissəsidir. Azərbaycan yerləşdiyi regiona görə seysmik aktiv zonada qərarlaşır və burada dağəmələgəlmə prosesi hələ də davam edir. Buna görə də zəlzələlərin və müxtəlif intensivlikli yeraltı titrəyişlərin qeydə alınması geoloji baxımdan normal hadisə hesab olunur. 3.5 bal gücündə olan zəlzələ dağıdıcı təsirə malik deyil, əksər hallarda hiss olunmadan keçir və ya cüzi narahatlıq doğurur. Lakin 6 bal gücündəki zəlzələlər daha yüksək enerji ilə müşayiət olunduğundan əhəmiyyətli seysmik hadisə hesab olunur”.