AZ

“Bu heyətlə də ÇL-də liqa mərhələsinə vəsiqə qazana bilərik” - Bəhlul Mustafazadə

style='margin-bottom:10px;'>

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin QOL.az saytına müsahibəsi

- “Şelburn”u ikinci oyunda da məğlub etməklə Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə yüksəldiniz. 1:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Rəqib fiziki cəhətdən kifayət qədər güclü komanda idi. Bununla belə, öz oyunumuzu göstərdik. Gərgin qarşılaşma alındı. Minimal hesabla da olsa, qalib gəldik.

- Sanki “Qarabağ” ağır görünürdü...

- İstinin də bir qədər təsiri var idi. Həm də unutmayaq ki, bu, mövsümdə yalnız ikinci rəsmi oyunumuz idi. İnanıram ki, növbəti matçlarda daha yaxşı təsir bağışlayacağıq.

- Düşünmək olar ki, ilk matçdakı 3:0 hesablı qələbə cavab oyununda “Qarabağ”a rahatçılıq vermişdi?

- Bəlkə hesabın da təsiri ola bilər. Bununla belə, arxayınlaşmamışdıq. Rəqib geridönüş etməyə çalışırdı. Hiss olunurdu ki, ikinci matça yaxşı hazırlaşıblar.

- Qazonun vəziyyəti heç də yaxşı deyildi. İstilərin hələ bir müddət də davam edəcəyini nəzərə alsaq, bu amil texnikalı oyuna üstünlük verən “Qarabağ”a növbəti ev matçlarında problem yarada bilər?

- Haqlısınız, qazonun vəziyyəti əvvəlki dövrlə müqayisədə bir qədər pis idi. Lakin bu məsələdə edə biləcəyimiz bir şey yoxdur. Qazon ideal durumda olmasa da, əlimizdən gələni etməliyik.

- Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinə yüksəlməklə Konfrans Liqasının liqa mərhələsinə vəsiqəni təmin etdiniz. Lakin yəqin ki, qarşıya qoyulan hədəf bu deyil. Razısınız?

- Əlbəttə, hədəf bu deyil. Maksimum məqsədimiz Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaqdır. Bunu çox istəyirik. Gələn oyunlarda da əlimizdən gələni edəcəyik ki, hədəfimizə çataq.

- Hücumçu çatışmazlığını nəzərə alsaq, hazırkı heyətlə bu, nə dərəcədə realdır?

- Komandada yaxşı futbolçular cəmləşib. Potensialımız var. Düşünürəm ki, hər kəs öz üzərinə düşəni yüz faiz yerinə yetirsə, bu heyətlə də Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazana bilərik.

Seçilən
14
teleqraf.com

1Mənbələr