AZ

Məişət zorakılığının qarşısının alınması istiqamətində hansı işlər görülüb?

Bu ilin ilk 6 ayında məişət zorakılığı ilə bağlı edilən müraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi isə regionların payına düşür.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin ilk 6 ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 241 müraciət daxil olub, 40 mühafizə orderi verilib.

"Daxil olan müraciətlərdə fiziki zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib və şikayət edənlər zorakılığın bir neçə növünə məruz qalıb. Belə ki, müraciət edənlərin əksəriyyəti əri (160), yaxın qohumu (165) və keçmiş əri (37) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 233 nəfəri kişi, 91 nəfəri isə qadındır. Zorakılığa məruz qalanların isə 232 nəfəri qadın, 30 nəfəri kişi, 181 nəfəri isə uşaqlardır. Məişət zorakılığı ilə bağlı edilən müraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi isə regionların payına düşür. Zorakılıq hallarının 172-si fiziki, 53-ü psixoloji, 11-i iqtisadi, 5-i isə cinsi zorakılıqdır", - deyə əlavə edilib.

Məişət zorakılığının qarşısının alınması istiqamətində hansı işlər görülüb?

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Trend-ə bildirib ki, məişət zorakılığının qarşısını almaq üçün dövlət bir sıra hüquqi, sosial və profilaktik tədbirlər həyata keçirir:

"Belə ki, 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul olunub. Bu qanun zorakılığın qarşısını almaq, zərərçəkənləri qorumaq və hüquqi mexanizmlər yaratmaq məqsədi daşıyır. Eyni zamanda, dövlət və qeyri-hökumət təşkilatları tərəfindən məişət zorakılığı ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.

Məktəblərdə, icmalarda və mediada zorakılığın fəsadları barədə təbliğat işləri aparılır. Əlavə olaraq, dövlət ailə dəyərlərinin möhkəmləndirilməsi, gender bərabərliyi və sosial rifahın artırılması istiqamətində də işlər görür ki, bu da zorakılıq hallarının azalmasına öz töhfəsini verir".

Teymur Mərdanoğlunun sözlərinə görə, məişət zorakılığı törədən şəxsin məsuliyyətə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir və bu, zorakılığın növü və ağırlıq dərəcəsindən asılıdır.

"Müraciət və faktın qeydə alınması zamanı zərərçəkən şəxs Daxili İşlər Nazirliyinə (polisə), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, rayon icra hakimiyyətinə və ya sığınacaqlara müraciət edir. Dərhal fakt araşdırılır, zorakılığı törədən və ya zorakılığa məruz qalan aidiyyəti quruma dəvət olunur, fakt təsdiqini taparsa, yerli icra hakimiyyəti tərəfindən mühafizə orderi verilir. Daha sonra digər zəruri tədbirlər həyata keçirilir", - deyə o əlavə edib.

Seçilən
11
1
day.az

2Mənbələr