Fransız avtomobil nəhəngi "Renault", Yaponiyanın "Nissan" şirkətinə etdiyi investisiyaların dəyərdən düşməsi səbəbilə böyük maliyyə itkiləri ilə üzləşdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, 2025-ci ilin 31 iyul tarixində yayımlanan "Reuters" məlumatına görə, "Renault" cari ilin ilk yarısında 11,19 milyard avro (12,78 milyard dollar) həcmində xalis zərər edib. Bu məbləğin 9,3 milyard avrosu "Nissan"a yatırılan və dəyəri azalan investisiyaların birdəfəlik silinməsi ilə əlaqədardır.
"Çətin bazar şəraitində əldə etdiyimiz nəticələr ilkin hədəflərimizə uyğun deyil", deyə "Renault Group"un yeni baş icraçı direktoru Fransua Provo bildirib.
Şirkət daha əvvəlki açıqlamasında "Nissan"dakı payının yenidən qiymətləndirilməsi nəticəsində 9 milyard avrodan artıq zərərə uğrayacağını qeyd etmişdi. Bu dəyişiklik "Renault"un mühasibat uçotundakı yanaşma dəyişikliyi ilə bağlıdır. Belə ki, şirkət əvvəl "Nissan"dakı payını iştirak metodu ilə qiymətləndirirdisə, indi bu pay "maliyyə aktivləri" kateqoriyasına keçib və onun dəyəri birbaşa "Nissan" səhmlərinin birja qiymətləri ilə müəyyən edilir.
Qeyd edək ki, 2023-cü ilin əvvəlində "Renault" və "Nissan" alyansın restrukturizasiyasını elan etmişdi. Bu çərçivədə "Renault" yapon şirkətindəki payını 43 faizdən 15 faizə endirib və qalan 28,4 faizlik səhmi Fransada yaradılmış etibar fonduna ötürmüşdü.
Bununla yanaşı, "Renault" digər maliyyə göstəricilərini də təqdim edib. Aprel-iyun aylarında şirkətin gəliri illik müqayisədə 2,5 faiz artaraq 27,6 milyard avroya çatıb. Bu artım əsasən yeni modellərin bazara təqdim olunması ilə əlaqələndirilir.
"Renault"un xalis mənfəəti, "Nissan"a dair investisiya itkiləri də daxil olmaqla, 461 milyon avro təşkil edib.
Avtomobil sektorunda ümumi vəziyyət də narahatlıq doğurur. Məsələn, "Mercedes-Benz" 2025-ci ilin ilk yarısında mənfəətinin ötən illə müqayisədə yarıbayarı azaldığını açıqlayıb. Bu azalma əsasən gömrük rüsumları, satış həcmlərinin düşməsi və effektivliyin artırılmasına yönəlmiş xərclərlə əlaqələndirilir. Şirkət ilin sonuna qədər ümumi gəlir və satış həcminin də ciddi şəkildə azalacağını proqnozlaşdırır.
Avropa avtomobil bazarında isə iyun ayında son on ayın ən böyük satış azalışı qeydə alınıb. Bu azalmanın əsas mənbəyi isə regionun ən iri avtomobil bazarı olan Almaniya olub.
Paşa Məmmədli