AZ

Türkiyəli müğənni lirəyə görə Bakıda səhnəyə çıxmadı - Azərbaycanda qanun nə deyir?

Bu gün Bakının tanınmış restoranlarından birində səhnəyə çıxmalı olan türkiyəli müğənni Rza Tamer konsertdən imtina edib. Bu barədə sənətçi sosial şəbəkədə paylaşım edərək səhnəyə çıxmamasının səbəbini izah edib.

Onun sözlərinə görə, Azərbaycanda Türkiyə lirəsinin keçərli olmaması qərarına təsir göstərib:

“Bu gün Bakıda konsertimiz olacaqdı. Bir gün əvvəl şəhəri gəzmək üçün gəlmişdim. Məkanla bağlı heç bir problem yoxdur - çox gözəl qarşılandıq, möhtəşəm insanlardır. Amma konserti ləğv etmək məcburiyyətində qaldıq. Mən türk lirəsinin keçmədiyi heç bir ölkədə konsert vermək istəmirəm. Xahiş edirəm, mənə əsəbiləşməyin. Anlayış göstərin”.

Bəs xarici vətəndaşlar Azərbaycanda alış-veriş edərkən nələri bilməlidir?

Mövzuya münasibət bildirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a açıqlamasında qeyd edib ki, xarici valyutaların alış-verişdə istifadəsi ilə bağlı dünyada vahid beynəlxalq standart mövcud deyil:

“Hər ölkə bu məsələləri öz qanunvericiliyi çərçivəsində tənzimləyir. Məsələn, ABŞ-da belə bir məcburiyyət yoxdur ki, alış-veriş yalnız dollarla aparılsın. Orada istəyə bağlı olaraq xarici valyutalar da qəbul edilə bilər. Lakin faktiki olaraq alış-veriş dollarla edilir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda bu məsələ qanunvericiliklə dəqiq şəkildə tənzimlənir:

“Azərbaycan Mülki Məcəlləsinə əsasən, ölkədə alış-veriş yalnız milli valyutamız - manatla həyata keçirilə bilər. Bu halda xarici vətəndaş ya valyutasını manata dəyişməli, ya da kart vasitəsilə ödəniş etməlidir. Konsertin bu səbəblə ləğvi isə olduqca təəccüblüdür. Şəxsən mən belə bir hadisə ilə indiyədək rastlaşmamışam”.

Günay

Seçilən
46
valyuta.az

1Mənbələr