AZ

ADPU-nun Quba filialının məzunu İtaliyada pedaqogika və süni intellekt üzrə magistratura təhsili alacaq – MÜSAHİBƏ

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının məzunu Əsmər Babayeva uğurlu nəticəsi ilə fərqlənib. O, İtaliyanın iki aparıcı ali məktəbinin - Bolonya Universitetinin və Pavia Universitetinin magistratura səviyyəsinə qəbul olub. Əsmər bu uğurunu həm uşaqlıq arzusunun, həm də sistemli təhsilinin nəticəsi kimi qiymətləndirir.

AZƏRTAC-a müsahibəsində qəbul prosesi barədə danışan Əsmər Babayeva qeyd edib ki, magistratura təhsili üçün İtaliyanı təsadüfi seçməyib: “İtaliyada oxumaq və səyahət etmək uşaqlıq arzum idi. Bu səbəbdən magistratura təhsilimi məhz bu ölkədə almaq qərarına gəldim. Aprel–may aylarında sənədlərimi hazırlayıb müraciətlərimi göndərdim. Hər iki universitetdən müsbət cavab aldım. Həmçinin universitetlərin təşkil etdiyi TOLC imtahanını uğurla keçdim”.

Əsmər Bolonya Universitetində pedaqogika, Pavia Universitetində isə süni intellekt ixtisası üzrə təhsil almaq hüququ qazanıb. Hələlik hansı universiteti seçəcəyi ilə bağlı qəti qərar verməsə də, seçim zamanı bir neçə mühüm meyarı əsas götürdüyünü bildirir: “Universitetin tarixi, reytinqi və yerləşdiyi şəhərin tələbə mühiti mənim üçün əsas göstəricilər idi. Bu baxımdan həm Bolonya, həm də Pavia mənim üçün ideal seçimlərdir.

Pavia Universitetinin əsası XIV əsrdə qoyulub. Pavia isə təqribən 70 min əhalisi olan, Milandan 30 kilometr məsafədə yerləşən bir tələbə şəhəridir.

Bolonya isə dünyanın ən qədim universitetləri sırasında ilk sıraları tutur.

“ADPU-nun Quba filialı mənə “öyrənməyi öyrənmək” bacarıqlarını qazandırdı

ADPU-nun Quba filialında aldığı təhsilin ona verdiyi bacarıqlardan danışan Əsmər qeyd edir ki, bu mühit onun akademik dünyagörüşünün formalaşmasında əsas rol oynayıb: “Universitet mənə ən çox “öyrənməyi öyrənmək” və “araşdırma aparmaq” bacarıqlarını qazandırdı. Təhsil aldığım dövrdə bir sıra elmi-praktik və beynəlxalq konfranslarda iştirak etdim. Universitetimizin biz tələbələri elmi fəaliyyətə təşviq etməsi, tədbirlərdə iştirak və çıxış etmək üçün şərait yaratması mənim tədqiqata olan marağımı daha da artırdı. Düşünürəm ki, bu cür təşviqedici mühit mənə gələcəkdə elmi yanaşma ilə düşünməyi, araşdırmalara açıq olmağı və özümü bu sahədə sınamağı öyrətdi”.

“Süni intellektlə təhsildə fərq yaratmaq istəyirəm”

Gələcək planlarından danışan Əsmər Babayeva pedaqoji sahədə çalışmaq istədiyini, amma bu sahəni müasir texnologiyalarla birləşdirməyi hədəflədiyini söyləyir: “Ən böyük arzularımdan biri süni intellektin imkanlarından istifadə etməklə şagirdlərə, tələbələrə müasir və keyfiyyətli bilik verməkdir”.

Əsmər gənclərə də səslənərək, onlara belə bir tövsiyə verir: “Hər zaman araşdırın, öyrənməyə davam edin. Yeni bilik və bacarıqları mənimsəməyə can atın. Heç bir şərait öyrənməyə mane olmamalıdır”.

Magistratura səviyyəsində hansı mövzularda araşdırma aparacağı ilə bağlı isə Əsmər belə deyir: “Bu barədə danışmaq bir qədər tezdir. Əvvəlcə mühitə uyğunlaşmalı, professorlarla aktual mövzuları müzakirə etməli və buna uyğun araşdırma edəcəyim mövzunu və ya mövzuları seçməliyəm. Magistratura təhsili iki ildir və araşdırma ikinci ildən etibarən başlayır. Ona görə də düşünməyə və qərar verməyə kifayət qədər vaxtım var”.

“Təhsil alarkən təcrübə qazanmaq üçün saysız imkanlar mövcuddur”

Əsmər Azərbaycan və Avropa ali təhsil sistemləri arasındakı fərqlərə də toxunub: “Əslində fərqlər çoxdur desəm, yalan olmaz. Sadəcə bu fərqlərdən məni cəlb edən xüsusiyyət Avropada təhsilin daha “flexible” (elastik) olmasıdır. Yəni istər imtahan tarixi olsun, istər imtahanın verilmə forması, istərsə də universitetlə əlaqəli digər işlərdə tələbəyə daha çox seçim imkanı təqdim edilir.

Bir ölkədə təhsil alarkən, eyni zamanda, ikili diplom, Erasmus və fərqli staj proqramları ilə digər Avropa ölkələrinə səfər etmək və orada əlavə təcrübə qazanmaq şansı yaranır. Təhsil alarkən təcrübə qazanmaq üçün saysız imkanlar mövcuddur”.

Seçilən
45
1
azertag.az

2Mənbələr