AZ

Tural Abbaslı: Şuşada Türkiyənin konsulluğunun açılması güclü siyasi mesaj olar

 Konsulluqla yanaşı, Türkiyənin Azərbaycanda, xüsusilə Qarabağda və Abşeron yarımadasında hərbi bazalarının yerləşdirilməsi də gündəmə gətirilməlidir

Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq.
Bunu APA-ya müsahibəsində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.
“Şuşada Türkiyə konsulluğunun açılmasıyla əlaqədar 2021-ci ildə müraciətimiz olub. Amma hələ Şuşada heç bir ölkənin konsulluğu yoxdur. Bu, Azərbaycanın suveren hüquqları çərçivəsində verəcəyi bir qərardır. Biz Azərbaycanın qərarı ilə Şuşada və ya Qarabağda istənilən şəhərdə konsulluq açmağa hazırıq”, - deyə səfir qeyd edib.

Ağ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, tezliklə Şuşada və ya Qarabağın hər hansı bir bölgəsində Türkiyənin konsulluğu açılmalıdır:

"Bu, praktik ehtiyacdan irəli gəlmir, daha çox siyasi və mənəvi anlam daşıyır. Çünki Şuşada Türkiyə və Azərbaycan vətəndaşlarının sayı elə də çox deyil ki, gündəlik konsulluq xidmətlərinə ciddi ehtiyac yaransın. Lakin bu addım siyasi jest olaraq mühüm əhəmiyyət daşıyır. Türkiyə tərəfi də artıq 2021-ci ildən etibarən Şuşada konsulluq açılması üçün müraciət oluna biləcəyini qeyd etmişdi. Görünən odur ki, Azərbaycan regional balansı və geosiyasi həssaslıqları nəzərə alaraq, xüsusilə Rusiyanın (və bəlkə də İranın) destruktiv mövqeyini də qiymətləndirərək, bu məsələyə hələlik ehtiyatla yanaşır. Amma Rusiya ilə münasibətlərin onsuz da gərgin olduğunu nəzərə alsaq, belə bir məqamda Türkiyənin Qarabağda konsulluq açması həm də Azərbaycan əleyhinə yönəlmiş təhdidlərə bir cavab xarakteri daşıya bilər. Konsulluqla yanaşı, Türkiyənin Azərbaycanda, xüsusilə Qarabağda və Abşeron yarımadasında hərbi bazalarının yerləşdirilməsi də gündəmə gətirilməlidir. Qarşılıqlı prinsip əsasında Azərbaycan da Türkiyədə simbolik xarakter daşıyan bir hərbi kontingent yerləşdirə bilər. Amma əsas məqsəd təhlükəsizlik, regional sabitlik və strateji müttəfiqliyin möhkəmləndirilməsidir".

Müsahib xatırladıb ki, Türkiyə-Azərbaycan münasibətləri "Şuşa Bəyannaməsi" çərçivəsində hərbi-siyasi ittifaq səviyyəsinə yüksəlib:
"Bu kontekstdə Türkiyənin konsulluğunun Şuşada açılması həm dostluq və qardaşlıq münasibətlərinin göstəricisi, həm də güclü siyasi mesaj olar. Yəqin ki, dövlət rəhbərliyi bu məsələni müəyyən dairələrdə müzakirə edib və hazırda müxtəlif səbəblərə görə bu addım məqbul sayılmır. Lakin artıq zaman yetişib – bu konsulluq açılmalıdır və açılacaqsa, xalq olaraq bizə də böyük mənəvi zövq verər. Necə ki, İran Zəngəzur bölgəsində, bizim tarixi torpaqlarımızda konsulluq açdı, Rusiya da bu addımı atdı. Bu baxımdan, Türkiyənin də Şuşada konsulluq açması həm simvolik, həm də strateji əhəmiyyət daşıyan addım olar. Biz bu təşəbbüsü tam dəstəkləyirik. İnanırıq ki, ilk olaraq Türkiyənin belə bir addım atması Azərbaycan-Türkiyə qardaşlığının daha bir rəmzinə çevriləcək".
Seçilən
25
sherg.az

1Mənbələr