AZ

İstilik bahalaşdı: Binaların qazı kəsiləcək?

Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifləri artıb.

Tarif (Qiymət) Şurası “Azəristiliktəchizat” ASC-nin göstərdiyi xidmətin tarifinin tənzimlənməsi barədə” 29 dekabr 2024-cü il tarixli qərarında dəyişiklik edib.

Qərara əsasən, əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,6 manatdan 21 manata, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,3 manatdan 0,45 manata çatdırılıb.

Qeyd edək ki, elektrik enerjisi ilə əlaqədar sabit aylıq tarif da tətbiq ediləcək. Bu,  “Elektroenergetika haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanuna əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

İstilik xidmətlərinin qiymətinin artması keyfiyyətə də təsir edəcəkmi? Bu proses hündürmərtəbəli binalarda qaz verilməsinin dayandırılacağı ilə bağlı yayılan məlumatlara hazırlıq məqsədi daşıya bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bundan öncə də “Azəritiliktəchizat” tarifləri artırmışdı:

“Ancaq keyfiyyətə heç bir təsiri olmamışdı. Ona görə indi bunun böyük bir keyfiyyət dəyişikliyinə səbəb olacağını düşünmürəm.  Əsas səbəb odur ki, dövlət inhisarçı şirkətləri, o cümlədən “Azəristiliktəchizat” ziyanla işləyir və büdcədən dotasiya alır. İndi dotasiyanı azaltmağı düşünürlər.

Burada da məntiq doğru işləmir. Çünki ziyanla işləyən müəssisədə ilk növbədə xərclər azaldılmalıdır. Bizdə bunun əksini edirlər. Belə ki, bizdə xərcləri azaltmaq əvəzinə qiymətləri artırırlar.

O ki qaldı hündürmərtəbəli binalara qaz verilməsinin dayandırılmasına, bu şayiədir. Bundan sonra tikilən, artıq tikinti dövrünü yaşayan və yaxud təməli qoyulan binalarda belə addımların atılması mümkündür.

Ancaq artıq qaz təchizatı olan binalara yenidən ayrıca istilik xətlərinin çəkilməsi mümkün deyil. Çünki texniki olaraq bu çox çətin bir proses ola bilər. Ayrı-ayrı binaların öz qazanxanaları hesabına keçirdə bilərlər. Daha çox yeni tikilən binalara aid ediləcək”.

Seçilən
53
1
cebheinfo.az

2Mənbələr