Azərbaycanda legioner həyatı yaşamış, hazırda isə Xorvatiyanın “NK Qoritsa” klubunda məşqçi kimi çalışan Matiya Şpiçiç apasport.az saytına müsahibə verib.
- “Hayduk” ilk matçında Bakıda “Zirə ilə bərabərə qaldı. Səncə, birinci oyundan sonra hansı komanda növbəti mərhələyə adlamaq üçün daha yaxşı şansa sahibdir?
- Həqiqətən də maraqlı oyun olub. İndi də belə olacaq. Fikrimcə, “Hayduk”un növbəti mərhələyə keçmək şansı bir az çoxdur. Məncə, şanslar 40/60-a “Hayduk”un xeyrinədir. Onları daha şanslı hesab edirəm. Ancaq futboldur da, görəcəyik.
- Bakıda keçirilən ilk matçı izlədin? Səncə, hesab ədalətli idi?
- Bəli, Bakıdakı matça baxdım. Amma düzü, ikinci hissəyə daha diqqətli və tam olaraq baxa bildim. Məncə, birinci hissədə “Zirə” daha da yaxşı olan tərəf idi. Yaxşı epizodları da var idi. Bu mənada deyə bilərəm ki, ilk matçın nəticəsi ədalətli idi.
- “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova qarşı futbolçu kimi oynamısan. “Zirə”nin performansını necə dəyərləndirirsən?
- “Zirə” haqda əlbəttə ki, məlumatlıyam. Yəni, son illərdəki matçlarını nəzərdə tuturam, yoxsa klubu onsuz da tanıyıram. Onların “Osiyek”ə qarşı keçirdiyi hər iki görüşə də baxmışdım. Bu dəfə də “Hayduk”a qarşı təşkilatlanmış komanda gördüm. Heyətində də bir neçə yaxşı futbolçu var. Davit Volkov və Giorgi Papunaşvilini yaxşı tanıyıram, çünki onlarla birlikdə “Dinamo” (Tbilisi) klubunda oynamışam. Onların fərdi keyfiyyəti də var.
Rəşad Sadıqov haqda da fikrim yüksəkdir. Fikrimcə, o, çox yaxşı məşqçidir. Böyük təcrübəyə sahibdir. “Zirə” ilə yaxşı nəticələr əldə edəcəyindən əminəm.
- “Hayduk” “Zirə”ni keçə bilməsə, Xorvatiyada tənqidlər çoxalacaq? “Zirə” bir mövsüm əvvəl “Osiyek”i keçə bilmişdi...
- “Hayduk” növbəti mərhələyə keçə bilməsə, bu onlar üçün böyük uğursuzluq olacaq və böyük tənqidlər də başlayacaq. Çünki hamı “Hayduk”un “Zirə”ni keçəcəyini gözləyir. Amma mənim fikrimcə, “Zirə”ni keçmək elə də asan olmayacaq.
- Yeri gəlmişkən, sənin komandanın rəqiblərindən olan “Varajdin” azərbaycanlı futbolçu Rüfət Abdullazadə ilə müqavilə imzaladı. Onun haqda hansı fikirdəsən?
- Bəli, “Varajdin” bizim rəqiblərdəndir, Konfrans Liqasında da iştirak edir. Düzü, Rüfətin oyununu izləməmişəm. Amma bu cür transferin reallaşdığını bilirəm.
Rüfət haqda bir söz deyə bilmərəm. “Varajdin” isə stabil, yaxşı klubdur. Bu mənada, Rüfətin yaxşı seçim etdiyini düşünürəm. “Varajdin”in yaxşı baş məşqçisi var.
"Zirə"nin "Hayduk" sınağı - YENİLƏNİR
“Araz-Naxçıvan” Yunanıstan səfərində - YENİLƏNİR
“Neftçi”dən “Qarabağ”a qədər: Avropada 150-ci qələbə
“Qarabağ”ın matçlarının tarixləri bəlli oldu
“Sabah” “Petrokub”u qəbul edir - YENİLƏNİR