AZ

Qlobal informasiya savaşının tam mərkəzində liberal qlobalizmin süqutunun yaratdığı dəyərlər böhranı dayanır - ŞƏRH

Bakı, 31 iyul, AZƏRTAC

Birləşmiş Ştatlar ilə Avropa İttifaqı (Aİ) arasında kəskinləşən son qarşıdurmanın mərkəzində təkcə ənənəvi ziddiyyətlər - ticarət balansı və təhlükəsizlik məsələləri dayanmır. Narazılıqların yeni səbəbi ifadə azadlığına tətbiq olunan senzura və onun selektiv standartlarla tənzimlənməsidir. Bu amil Qərbin öz daxilində ideoloji tənəzzülə məruz qalmasının göstəricisidir. ABŞ haqlı olaraq Avropa İttifaqını total senzurada ittiham edir, Aİ isə bu ittihamları populist ritorika adlandırır. Lakin məsələ ritorika deyil, qlobal informasiya savaşının tam mərkəzində dayanan liberal qlobalizmin süqutunun yaratdığı dəyərlər böhranıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Onun sözlərinə görə, Avropa İttifaqının 2024-cü ildə qüvvəyə minmiş Rəqəmsal Xidmətlər Aktı (DSA) ilk baxışdan dezinformasiyaya və nifrət nitqinə qarşı mübarizə vasitəsi kimi təqdim edilsə də, bu sənəd, əslində, bir çox Avropa ölkəsində ifadə azadlığını tənqidə qapayan institusional senzura modelidir. Sosial şəbəkə platformalarına hökumətin müəyyənləşdirdiyi “qadağan olunmuş kontenti” silmək tapşırılırsa, bu, artıq azadlıq deyil, qorxu və cəza mühiti yaratmaq mexanizmidir.

Fransada, Almaniyada və Niderlandda hökumətləri tənqid edən minlərlə istifadəçinin məhkum olunması isə DSA-nın real nəticələridir. Bunu ABŞ Dövlət Departamentinin hesabatı da təsdiqləyir. Bütün bunlar Qərb liberalizminin postliberal mərhələyə keçdiyini göstərir. Artıq söz azadlığı, vicdan azadlığı və fərdi hüquqlar yalnız “seçilmiş” təbəqəyə şamil olunur. Digər fikirlər isə ya “dezinformasiya”, ya “radikallıq”, ya da “ictimai təhlükə” adı ilə susdurulur. Bu, informasiya müstəmləkəçiliyinin müasir formasından başqa bir şey deyil. Sosial şəbəkələr artıq insanların deyil, onları yaradan və idarə edən korporasiyaların, hökumətlərin informasiya alətlərinə çevrilib.

“ABŞ ilə Aİ arasında baş verən bu “söz azadlığı müharibəsi”, əslində, Qərbin özünün inkar etdiyi prinsiplərlə üz-üzə qalmasının nəticəsidir. Demokratiyanın və azadlığın adını daşıyan sistemlər bu dəyərləri yalnız öz maraqlarına uyğun olanda müdafiə edirlər. Digər hallarda isə senzura, qadağa, sanksiya və təqib ön plana keçir.

Bu cür yanaşma ilə Qərbin “qlobal demokratik lider” imici artıq sıradan çıxıb. İndi dünyanın qalan hissəsi sual edir: “Söz azadlığı yalnız sizin fikirləriniz üçünmü keçərlidir?” Və bu sual artıq cavab tələb etmir. Çünki cavab reallığın özüdür”, - deyə deputat əlavə edib.

O, həmçinin deyib: “Maraqlıdır, bütün bunlardan sonra Avropa dünyaya insan hüquqları və ifadə azadlığı sahəsində nümunə olduğunu iddia edə biləcəkmi? Əgər “söz azadlığı” yalnız icazəli qruplar üçün varsa, o zaman bu, azadlıq deyil, lisenziyadır. Avropa İttifaqı və ABŞ-ın qarşılıqlı ittihamları isə liberal dünyanın öz prinsipləri ilə toqquşmasının və transformasiya dövrünə qədəm qoymasının əlamətidir. Avropa artıq öz “dəyərləri”ni qorumaq üçün daha çox qadağa tətbiq edir. Bu qadağalar nə qədər təkmil və hüquqi dillə yazılsa da, son nəticədə totalitar yanaşmaya xidmət edir.

Dünya artıq yalnız siyasi və hərbi güc balansına görə deyil, sözün, ifadənin, məlumatın kimə və necə xidmət etməsinə görə də formalaşır. Qərb öz gözündə tiri görmədən başqasının gözündə tük axtarırsa, bu, artıq yalnız riyakarlıq deyil, həm də zəiflik əlamətidir”.

Seçilən
15
azertag.az

1Mənbələr