AZ

Bu fənnin hazırlığı kirayə mənzil qiymətinə qalxdı – Abituriyent valideynləri ÜSYAN EDİR...

Son vaxtlar təhsil sektorunda müşahidə olunan qiymət artımları cəmiyyətin müxtəlif təbəqələrində ciddi narazılıq doğurur. Xüsusilə repetitorların fərdi hazırlıqları sahəsindəki qiymətlər artıq bir çox valideyn üçün əlçatmaz hala gəlib. Riyaziyyat fənni üzrə ayda 8-10 dərsə görə 350 manat tələb olunması, Bakı və ətraf ərazilərdə orta statistik kirayə ev qiymətləri ilə eyni səviyyədədir. Bu məbləğ təkcə bir fənn üçündürsə, bəs digər fənlər necə? Ailələr bu yükün altından necə çıxır?

Sözügedən məsələni təhsil məsələləri üzrə ekspert Kamran Əsədovla müzakirə etdik. Müsahibimiz “Yeni Sabah”a açıqlamasında vurğulayıb ki, Azərbaycanda repetitorluq bazarının bu qədər kəskin bahalaşması təhsil sistemindəki illərlə yığılıb qalmış problemlərin nəticəsidir və bu gün artıq ailələrin büdcəsini alt-üst edən sosial yükə çevrilib:

“Riyaziyyat fənni üzrə ayda 8-10 dərsə görə 350-400 manat tələb olunması faktiki olaraq paytaxtda orta kirayə qiymətləri ilə eyni səviyyədədir və bu, təkcə bir fənn üçün nəzərdə tutulmuş məbləğdir. Əlavə fənlər daxil olduqda, xüsusən də 11-ci sinif abituriyenti üçün aylıq hazırlıq xərci 800-1000 manata qədər yüksəlir. Dövlət Statistika Komitəsinin 2023-cü il hesabatına əsasən, Bakı şəhərində orta aylıq əməkhaqqı 950-1000 manat civarındadır və bu məbləğ ailənin yalnız bir uşağının repetitor xərclərini tamamilə qarşılaya bilmir. Bu vəziyyət, dövlət məktəblərində tədrisin keyfiyyəti ilə bağlı ciddi suallar doğurur və faktiki olaraq repetitorluğun ikinci paralel təhsil sisteminə çevrildiyini göstərir. Marqarita pizza

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü maddəsində dövlətin vəzifəsi olaraq hər kəsə bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılması xüsusi vurğulanır. Lakin reallıqda məktəblərdə dərs keyfiyyəti çox zaman yalnız imtahan nəticələrinə endirilir və fərdi yanaşma imkanlarının olmaması səbəbindən valideynlər övladlarını repetitor yanına göndərməyə məcbur qalırlar. Bu, hüquqi baxımdan dövlətin öhdəliklərini tam şəkildə yerinə yetirmədiyini göstərir. Təhsil Nazirliyi bu istiqamətdə heç bir strateji plan təqdim etmir, repetitorluğun niyə kütləvi hal aldığı və necə azaldılacağı ilə bağlı heç bir elmi əsaslandırılmış proqnoz yoxdur. Təhsil siyasəti faktiki olaraq bazarın özbaşına formalaşmasına buraxılıb və nəticədə süni qiymət artımı qaçılmaz olub”.

K.Əsədov daha bir səbəbə diqqət çəkib:

“Qiymətlərin bu qədər yüksək olmasının səbəblərindən biri müəllimlərin aşağı maaşla işləməsidir. Dövlət məktəblərində orta aylıq əməkhaqqı 500-700 manat arasında dəyişir və bu, müəllimləri əlavə qazanc axtarmağa məcbur edir. Təcrübəli, imtahan nəticələrində uğurlu nəticələr əldə etmiş müəllimlərin bir dərs saatı 40-60 manat, tanınmış repetitorlarda isə 70-100 manata qədər yüksəlir. Bazar nəzarətsizdir və heç bir rəsmi tənzimləmə mexanizmi yoxdur. Sosial mediada “imtahan suallarını bilirəm”, “garantiyalı nəticə” tipli reklamlar valideynlərdə psixoloji təzyiq yaradır və qiymətləri süni şəkildə şişirdir. Nazirliyin maarifləndirici fəaliyyətinin olmaması, valideynlərə rəsmi şəkildə keyfiyyətli və nəticə verən müəllimlərlə bağlı məlumat bazasının təqdim edilməməsi də vəziyyəti ağırlaşdırır.

Məsələnin müsbət tərəfi kimi yalnız onu qeyd etmək olar ki, repetitorluq bəzən məktəbdə boş qalan bilik boşluğunu doldurur, fərdi yanaşmanı təmin edir və şagirdlər üçün əlavə motivasiya yaradır. Lakin bu, sistematik problemin üzərini örtən müvəqqəti həll yoludur. Mənfi tərəflər isə çox daha ağırdır – təhsil sosial bərabərsizliyə səbəb olur, varlı ailələrin övladları daha keyfiyyətli hazırlıq alır, kasıb ailələrin uşaqları isə rəqabət mühitində geridə qalır. Bu, dövlət məktəblərinin formal bir qurum kimi fəaliyyət göstərməsinə gətirib çıxarır və repetitorluq “məcburi ikinci məktəb” kimi qəbul edilir”.

Ekspert qeyd edib ki, dünya təcrübəsində bu qədər kütləvi repetitorluq yalnız təhsil keyfiyyətinin zəif olduğu ölkələrdə müşahidə olunur:

“OECD-in 2023-cü il “Education at a Glance” hesabatında göstərilir ki, Finlandiya, Norveç, Almaniya kimi ölkələrdə repetitorluq xidmətlərindən istifadə 5-10% civarındadır və bu, əsasən xüsusi öyrənmə çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulur. Yaponiyada isə repetitorluq bazarı mövcuddur, lakin dövlət məktəblərinin yüksək keyfiyyəti səbəbindən bu xidmət daha çox əlavə maraq kursları şəklindədir, imtahan keçmək üçün məcburi vasitə deyil. Azərbaycanda isə repetitorluq kütləvi, bahalı və məcburi xarakter daşıyır ki, bu da təhsil siyasətinin uğursuzluğundan xəbər verir.

Problemin həlli üçün məktəblərdə dərs keyfiyyətini artırmaq, müəllim maaşlarını rəqabətqabiliyyətli səviyyəyə qaldırmaq, imtahan yönümlü təhsil modelindən çıxaraq analitik təfəkkürü inkişaf etdirən proqramlara keçid etmək zəruridir. Repetitor bazarı üzərində müəyyən nəzarət mexanizmləri yaradılmalı, keyfiyyətli müəllimlərin məlumat bazası və dövlət tərəfindən dəstəklənən əlavə hazırlıq proqramları tətbiq edilməlidir. Elm və Təhsil Nazirliyi isə hazırda sadəcə müşahidəçi rolundadır, nə konkret planı var, nə də proqnozu. Təhsil strategiyasının olmaması səbəbindən vəziyyət ildən-ilə daha da ağırlaşır və repetitorluq ailələr üçün daha da böyük maliyyə yükünə çevrilir. Dövlətin konstitusion öhdəliyi olan bərabər və keyfiyyətli təhsil hüququ yalnız kağız üzərində qalır, real həyatda isə təhsil bazara təhvil verilir və hər kəs bacardığı qədər imkan yaradır. Bu vəziyyət dəyişmədiyi halda, gələcəkdə repetitor bazarının daha da bahalaşması və təhsil bərabərsizliyinin dərinləşməsi qaçılmaz olacaq”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
4
2
yenisabah.az

3Mənbələr