AZ

Pişik tükü səbəbilə vəfat etdi? - Səbəb aşıqlandı

İstanbulda bir şəxsin ağciyərinə pişik tükü getməsi nəticəsində həyatını itirdiyi iddiası yalanlandı. Okan Diköz adlı şəxsin ağciyər xərçəngi səbəbilə vəfat etdiyi bildirilib.

Sherg.az xəbər verir ki, İstanbulda ağciyərinə pişik tükü getdiyi üçün öldüyü iddia edilən şəxsin əslində ağciyər xərçəngi səbəbilə vəfat etdiyi açıqlanıb.

Sakarya Səhiyyə İdarəsinin verdiyi açıqlamada, 65 yaşlı Okan Diköz haqqında mediada yayılan “iddialara görə, ağciyərinə pişik tükü getdikdən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib” şəklindəki xəbərlərin, evində heyvan saxlayan bir çox şəxsi narahat etdiyi vurğulanıb.

Açıqlamada fikirlərinə yer verilən mərhumun qohumu – Sakarya Universitetinin Daxili Tibb Elmləri Bölümü, Neyrologiya Kafedrasının müdiri professor Dr. Murat Alemdar bildirib ki, 25 iyul cümə günü vəfat edən Okan Diközün cənazəsi şənbə günü Sapancanın Yanık məhəlləsində torpağa tapşırılıb.

Diközün ağciyər xərçəngi müalicəsi aldığını bildirən Alemdar deyib:

“Xəbər saytlarında yayılan "pişik tükü səbəbilə vəfat etdi" başlıqlı xəbərlər yəqin ki, mərhumun heyvansevərliyi ilə bağlı formalaşmış yanlış təsəvvürdən qaynaqlanıb. Əsl ölüm səbəbi, ağciyərlərindəki xərçəng yayılmasıdır və ictimaiyyətin bu məsələdə düzgün məlumatlandırılmasını istəyirik. Ölümün pişik tükü udması ilə heç bir əlaqəsi yoxdur”.

Sakarya Təhsil və Tədqiqat Xəstəxanasının İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya şöbəsinin professoru Dr. Aziz Öğütlü isə ev heyvanlarının bir çox insan üçün sadəcə dost deyil, həm də ailə üzvü olduğunu bildirib.

Öğütlü, ev heyvanlarından insanlara keçə bilən və zoonotik xəstəliklər adlandırılan bəzi infeksiyaların lazımi tədbirlər görülmədikdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini qeyd edib.

Xüsusilə pişiklərdən yoluxa bilən toksoplazmoz infeksiyasının hamilə qadınlar üçün risk daşıdığını bildirən Öğütlü, pişik cırmaqlaması ilə keçə bilən bartonella xəstəliyinin də immun sistemi zəif olan şəxslərdə ağır infeksiyalara səbəb ola biləcəyini vurğulayıb.

O, həmçinin it və pişiklərdən yoluxa bilən daxili və xarici parazitlərə, sürünənlər və quşlardan keçə biləcək salmonella kimi bakterial infeksiyalara qarşı da diqqətli olmağı tövsiyyə edir.

Öğütlü əlavə edib ki, ev heyvanlarının tükləri, tüpürcəkləri və dərilərindən tökülən hissəciklər bəzi insanlarda allergik reaksiyalara səbəb olur.

Astma xəstələri başda olmaqla tənəffüs yolları xəstəlikləri olan şəxslərin heyvanlarla təmasda daha diqqətli davranmalı olduğunu bildirən Öğütlü əlavə edib:

“Heyvanların yaşadığı mühitin mütəmadi olaraq təmizlənməsi və nəcis kimi bioloji tullantıların gigiyenik şəraitdə atılması yoluxucu xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Həmçinin heyvanlarla təmasdan sonra əllərin mütləq yuyulması mümkün mikrobların yayılmasının qarşısını alır”.
Seçilən
28
sherg.az

1Mənbələr