AZ

Sayı sürətlə artır, bəs təhlükəsizlik?

Yazını böyüt
Yazını kiçilt

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20 milyon 642 min ədəd təşkil edib. Mərkəzi Bankın məlumatına görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14.1 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17.1faiz artıb, kredit kartlarının sayı isə 6.9 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3 faiz artıb. 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 mln. manat təşkil edibr. Həyata keçirilən nağdsız ödənişlərin 7,375 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 mln. manatı POS-terminallar, 5 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib.

Yeri gəlmişkən, son dövrlərdə Azərbaycanda bank kartları ilə bağlı problemlər artmaqdadır. Kartlardan icazəsiz pul çıxarılması, mobil bank tətbiqlərinin işləməməsi, dələduzluq hallarının çoxalması və xidmət səviyyəsinin aşağı düşməsi vətəndaşlar üçün ciddi narahatlıq yaradır. İnsanlar bank kartlarından istifadə zamanı müxtəlif problemlərlə qarşılaşır, dələduzluq sxemləri isə getdikcə daha mürəkkəbləşir.

Qlobal təcrübə göstərir ki, rəqəmsal ödənişlərin artması ilə kiberhücumlar və fırıldaqçılıq halları da çoxalır. Bəs, görəsən, belə bir şəraitdə bank kartlarının təhlükəsizlik məsələsi necə həllini tapır?

Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyan edir ki, bank kartlarından istifadə zamanı təhlükəsizliyin təmin olunması üçün həm müştərilər, həm də banklar müəyyən qaydalara ciddi əməl etməlidir.

ABA bank müştərilərinə tövsiyə edir ki, təhlükəsizliyi təmin etmək məqsədilə kart yalnız sahibinə şəxsiyyət vəsiqəsi əsasında verilməli, üçüncü şəxslərə ötürülməməlidir: “Şəxsi məlumatların qorunması çox vacibdir. Bu səbəbdən PIN kod yalnız kart sahibinə təqdim edilməli və gizli saxlanılmalıdır. Telefon, e-poçt və ya digər vasitələrlə paylaşılması yolverilməzdir. Kartın aktivləşdirilməsi yalnız kart sahibi tərəfindən aparılmalı, itki və ya oğurluq halında dərhal banka məlumat verilməlidir”.

 

Assosiasiyanın açıqlamasına görə, bank əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün iki faktorlu identifikasiya sistemlərindən istifadə edilməli, şübhəli əməliyyatları bloklamaq üçün anti-fraud sistemləri tətbiq olunmalıdır: “Məlumatların şifrələnməsi təmin edilməli və yalnız icazəli şəxslərin bu məlumatlara çıxışı olmalıdır. Banklar müştərilərin şəxsi məlumatlarını qorumaq üçün həmçinin beynəlxalq təhlükəsizlik standartlarına riayət etməlidir”.

Mövzu ilə bağlı “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, Azərbaycanda bank kartlarına qarşı birbaşa kiber hücumlar müşahidə olunmayıb:

 “Lakin vətəndaşların OTP kodlarının (birdəfəlik şifrələrin) ələ keçirilməsi yolu ilə vəsaitlərinin oğurlanması halları geniş yayılıb və bu cür dələduzluq halları artmaqdadır”.

E.Abbasov vurğulayıb ki, bank və ya hüquq-mühafizə orqanları heç vaxt vətəndaşlardan OTP kodlarını və ya digər məxfi məlumatları telefon vasitəsilə istəmir, müştərilər bu cür hallara qarşı diqqətli olmalıdırlar.

O əlavə edib ki, ölkədəki prosessinq mərkəzləri Mərkəzi Bankdan lisenziya alaraq fəaliyyət göstərir və ISO 27001 standartına uyğun təhlükəsizlik tədbirləri həyata keçirir:

“Banklar bu tələblərə uyğun işləməli və müştəri məlumatlarının qorunmasını təmin etməlidirlər”.

Mütəxəssisin fikrincə, banklar və digər maliyyə qurumları təhlükəsizlik sistemlərinə kifayət qədər investisiya ayırmalı və müştəriləri baş verən risklər barədə mütəmadi məlumatlandırmalıdır:

“Kiber hücumlardan tam qorunmaq mümkün deyil. Heç bir sistem 100 faiz təhlükəsiz deyil, lakin banklar təhlükəsizlik tədbirlərini gücləndirərək müştərilərinə daha etibarlı xidmət göstərməlidir. ISO 27001 standartına əsasən, banklar baş verən insidentlər barədə ictimaiyyəti məlumatlandırmalıdır”.

Seçilən
6
hafta.az

1Mənbələr