Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil haqqı artırılıb.
"Unikal" xəbər verir ki, bununla bağlı ADPU-nun rektoru Cəfər Cəfərov əmr imzalayıb.
Məsələ ilə bağlı universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, yeni təhsil haqqı yalnız cari ildən etibarən universitetə qəbul olunacaq birinci kurs bakalavr və magistratura tələbələrinə şamil edilir:
"Hazırda ADPU-da təhsil alan yuxarı kurs tələbələri təhsil haqqını əvvəlki məbləğlər əsasında ödəməyə davam edəcəklər. 2025/2026-cı tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat və magistratura səviyyələrində illik təhsil haqqı 2 300 manatdan 2 400 manata artırılıb. Magistratura səviyyəsində MBA proqramının ixtisaslaşmaları üzrə isə təhsil haqqı 2 500 manatdan 2 700 manata qaldırılıb".
Təhsil ekperti Kamran Əsəsdov "Unikal"a açıqlamasında diqqətə çatdırıb ki, Azərbaycanda ali təhsil müəssisələrində təhsil haqqının yenidən artırılması məsələsi hər dəfə gündəmə gələndə eyni problemləri üzə çıxarır:
"Bu artımın hüquqi əsası varmı, sosial nəticələri necədir və ən əsası, vətəndaşın cibindən çıxan əlavə vəsait doğrudanmı təhsilin keyfiyyətinə çevrilir, yoxsa yalnız büdcə boşluqlarını doldurmaq üçün istifadə olunur? 2024-2025-ci tədris ili üçün bəzi universitetlərin təhsil haqqını 100-200 manat artırması ictimaiyyətdə ciddi narazılıq yaradıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə ödənişli əsaslarla təhsil alan tələbələrin orta illik haqqı 1800-4500 manat arasında dəyişir, bəzi ixtisaslarda isə 6000 manatı keçir. Eyni zamanda ölkədə orta aylıq əməkhaqqı 950-1000 manat səviyyəsindədir və bu, təhsil haqqının minimum əməkhaqqı və ailə gəlirlərinə nisbətdə son dərəcə yüksək olduğunu göstərir. Bu, sosial bərabərsizliyi dərinləşdirir, yüzlərlə gəncin təhsildən imtina etməsinə səbəb olur və dövlətin bərabər təhsil imkanları təmin etmək öhdəliyini faktiki olaraq pozur.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.1-ci maddəsində açıq şəkildə yazılır ki, dövlət ali təhsil müəssisələrində təhsil ödənişləri təhsil proqramlarının həyata keçirilməsi üçün əsas maliyyə mənbələrindən biridir və bu vəsait təhsil keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir. Həmçinin eyni qanunun 5-ci maddəsində bərabər və ədalətli təhsil imkanlarının təmin olunması dövlətin vəzifəsi kimi göstərilir. Lakin təhsil haqqı artırıldıqda bu artımın nəyə görə həyata keçirildiyi, toplanan əlavə vəsaitin hansı sahələrə yönəldildiyi barədə ictimaiyyətə açıq hesabat verilmir. Hesablama Palatasının 2023-cü ildə ali məktəblərdə apardığı auditlər göstərib ki, təhsil haqqı gəlirlərinin yalnız təxminən 25-30 faizi tədris keyfiyyətinə – laboratoriyaların yenilənməsi, müasir tədris materiallarının alınması, müəllimlərin ixtisasartırması və beynəlxalq proqramların genişləndirilməsinə yönəldilib. Qalan hissə əsasən inzibati xərclərə, təsərrüfat işlərinə və idarəetmə aparatının saxlanmasına sərf olunub. Bu isə tələbələrdən yığılan əlavə ödənişlərin təhsilin məzmununda hiss olunacaq dəyişiklik yaratmadığını göstərir.
Elm və Təhsil Nazirliyi bu prosesdə faktiki olaraq yalnız müşahidəçi mövqedədir. Nazirlik universitetlərin qiymət artımı ilə bağlı nə sosial təsir təhlili aparır, nə də qanunla tələb olunan şəffaflığı təmin edir. Təhsil müəssisələri tələbələri olduqca məhdud seçim qarşısında qoyur: ya ödənişli təhsil üçün borca girib davam etmək, ya da təhsildən imtina etmək. Nazirliyin indiyə qədər təqdim etdiyi heç bir strateji sənəddə təhsil haqqının sosial ədalət prinsipi əsasında tənzimlənməsi, aztəminatlı ailələrin qorunması, tələbələrin borclanma yükünün azaldılması ilə bağlı konkret proqram yoxdur. Proqnozlaşdırma və planlaşdırma aparılmadığı üçün universitetlər qiymətləri özbaşına müəyyən edir, tələbələrin hüquqlarını müdafiə edən mexanizm isə yoxdur.
Dünya təcrübəsində təhsil haqqı artımı daha balanslaşdırılmış və şəffaf şəkildə tənzimlənir. ABŞ, Böyük Britaniya və Kanadada universitetlər təhsil haqqını artırmazdan əvvəl tələbə şuraları ilə məsləhətləşir, dövlət inflyasiya göstəricilərinə uyğun limitlər təyin edir, universitetlər isə əlavə gəlirin hansı layihələrə xərclənəcəyini açıqlamaqla ictimai hesabat verir. Avropa İttifaqının bir çox ölkəsində – Finlandiya, Almaniya, Norveçdə isə dövlət ali təhsili ya ödənişsiz edir, ya da minimal ödənişlə təmin edir, universitetlərin maliyyələşməsini əsasən büdcədən qarşılayır və beləliklə təhsilə çıxışda sosial bərabərliyi qoruyur. Azərbaycanda isə təhsil haqqı artımı yalnız rəqəmlərlə elan olunur, keyfiyyət artımı barədə verilən vədlər real nəticə ilə təsdiqlənmir. Məsələn, son 5 ildə ali məktəblərdə qiymətlər orta hesabla 20-30 faiz bahalaşsa da, beynəlxalq reytinqlərdə universitetlərin mövqeyi dəyişməyib. QS World University Rankings 2024 hesabatında Azərbaycan universitetləri yenə də 700-cü yerlərdən yuxarı qalxmayıb, elmi məqalə sayı və keyfiyyət göstəricilərində irəliləyiş olmayıb.
Müsbət tərəf yalnız o halda mümkün olar ki, qiymət artımı real və şəffaf şəkildə təhsil keyfiyyətinə çevrilə bilsin. Əlavə vəsaitlə müasir laboratoriyalar yaradılmalı, xarici professorların cəlb olunması, tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirakına dəstək, müəllimlərin mütəmadi ixtisasartırması təmin edilməlidir. Lakin bu gün vəziyyət tam əksinədir: qiymətlər artır, amma tələbə auditoriyasında şərait dəyişmir, müəllimlərin maaşı çox zaman olduğu kimi qalır, müasir tədris mühiti yaradılmır. Bu isə təhsili kommersiya xidmətinə çevirir, sosial ədaləti pozur və cəmiyyətin təhsilə olan etimadını sarsıdır.
Bu vəziyyət dəyişməsə, gələcəkdə təhsil daha çox imtiyazlı təbəqənin əldə edə bildiyi bir xidmətə çevriləcək, regionlardan gələn və aztəminatlı ailələrin övladları ali təhsil almaq imkanını itirəcək. Elm və Təhsil Nazirliyi təhsil haqqı siyasətinə nəzarəti öz üzərinə götürməli, universitetləri ictimai hesabatlılığa məcbur etməli, qiymət artımı yalnız konkret keyfiyyət göstəriciləri ilə əlaqələndirilməlidir. Əks halda, hər il qiymət artımı davam edəcək, amma bu artım təhsilin keyfiyyətinə yox, yalnız bürokratik aparatın xərclərinə işləyəcək və ali təhsil sosial bərabərsizliyin ən böyük mənbəyinə çevriləcək".
Zaurə Əmirova