AZ

Turizmdə Çin dövrü

Yazını böyüt
Yazını kiçilt

Bu ilin iyun ayında Azərbaycana gələn xarici turistlərin ümumi sayı 237 509 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 11 faiz azalma deməkdir. Lakin ümumi enişə baxmayaraq, bəzi ölkələr üzrə diqqətçəkən artımlar müşahidə olunub. Xüsusilə Çin Xalq Respublikasından gələn turistlərin sayında 76 faiz artım qeydə alınıb ki, bu da həm iqtisadi, həm də diplomatik baxımdan xüsusi əhəmiyyət daşıyır.

Rəsmi statistikaya əsasən, ötən ay Çindən Azərbaycana 7,2 min turist səfər edib. Bu, 2024-cü ilin iyun ayı ilə müqayisədə kəskin yüksəlişdir. Ekspertlər bu artımı bir neçə əsas amillə izah edirlər. İlk növbədə iki ölkə arasında inkişaf edən siyasi və iqtisadi münasibətlər, qarşılıqlı əməkdaşlıq formatlarının genişlənməsi və turizm sahəsində aparılan fəal təbliğat işləri ön plana çıxır.

Azərbaycanla Çin arasında vizaların asanlaşdırılması, hava əlaqələrinin bərpası və artırılması turizm axınının güclənməsinə təsir göstərən əsas mexanizmlərdən biridir. Bakı ilə Pekin arasında birbaşa uçuşların mövcudluğu, həmçinin regionlara daha əlçatan səfər imkanlarının yaradılması çinli turistlərin ölkəmizə marağını artırıb. Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyinin birgə fəaliyyətləri, o cümlədən Çində keçirilən turizm sərgilərində aktiv iştirakımız bu sahədə tanıtımın gücləndirilməsinə səbəb olub. Digər mühüm faktor isə çinli turistlərin son illərdə səyahət vərdişlərində baş verən dəyişikliklərlə bağlıdır. Onlar artıq ənənəvi və kütləvi turizm marşrutlarından kənara çıxaraq daha sakit, ekzotik və təhlükəsiz ölkələrə üstünlük verirlər. Bu baxımdan Azərbaycan tarixi-mədəni irsi, təbiət mənzərələri və müasir infrastruktur imkanları ilə onların gözləntilərinə cavab verir. Xüsusilə Bakı, Şəki, Qəbələ, Quba kimi turistik məkanlar Çindən gələn qonaqların əsas maraq dairəsinə daxil olub.

Mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib ki, Çindən Azərbaycana turist axınının artması ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır:

“Bu istiqamətdə atılan addımlar çərçivəsində Çin vətəndaşlarının Azərbaycana vizasız səfər imkanlarının genişləndirilməsi ilə yanaşı, birbaşa aviareyslərin sayı və tezliyi də artırılır. Bütün bu tədbirlər Çindən gələn turistlərin sayına müsbət təsir göstərməkdədir”.

O əlavə edib ki, ötən ay Çindən Azərbaycana 7,2 min turist səfər edib. Bu, 2024-cü ilin iyun ayı ilə müqayisədə kəskin yüksəlişdir. Azərbaycana gələn çinli turistlərin sayı 76 faiz artıb:

“Bu artım tendensiyası göstərir ki, gələcəkdə say daha da çoxalacaq. Çin dünyada turizm xərcləri üzrə birinci yeri tutur. 2019-cu ilin yəni, COVİD-dən əvvəlki statistikaya görə, çinlilər turizmə 250 milyard dollardan çox vəsait xərcləyiblər. Çinli turistlər çoxlu səyahət edir, qrup halında gəzir və alış-veriş etməyi sevirlər. Bir çox ölkələr buna görə Çindən daha çox turist cəlb etmək istəyirlər. Azərbaycan da bu strategiyanı tətbiq etməklə Çindən gələn turistlərin sayını artıra bilər. Bunun üçün viza prosedurlarının sadələşdirilməsi, birbaşa uçuşların artırılması çox vacibdir”.

Ekspert əlavə edir ki, bu addımlar turistlərin sayına müsbət təsir göstərəcək:

“Son dövrlərdə Azərbaycan ilə Çin arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin gücləndiyi müşahidə olunur. Keçən il Çin vətəndaşları üçün Azərbaycana vizaların asanlaşdırılması bu əməkdaşlığa əlavə təkan verdi və nəticədə iki ölkə arasında qarşılıqlı əlaqələr daha da intensivləşdi. Həmin ildən etibarən, xüsusilə çinli turistlərin ölkəmizə səfərlərində nəzərəçarpacaq artım qeydə alındı. Bu il isə Azərbaycan vətəndaşları üçün viza rejiminin tamamilə aradan qaldırılması, şübhəsiz ki, iki ölkə arasında gediş-gəlişlərin sayına və ümumi əməkdaşlığa müsbət təsir göstərəcəkdir”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Əli Əlirzayev deyib ki, Çin turistlərinin artımı ölkəyə daxil olan valyuta həcminin yüksəlməsinə və yerli sahibkarlığın genişlənməsinə təkan verə bilər.

Onun sözlərinə görə, çinlilər səyahət zamanı orta hesabla yüksək xərcləmələr edir və bu auditoriyanı cəlb etmək Azərbaycanın xidmət və turizm sektoruna ciddi gəlir gətirə bilər. Ekspert bildirib ki, əgər koordinasiyalı şəkildə strateji addımlar atılarsa, Çindən Azərbaycana gələn turistlərin sayı artmaqda davam edəcək:

“Bütün bu faktorlar fonunda Çindən turist axınının artması Azərbaycan üçün həm iqtisadi, həm də beynəlxalq imic baxımından mühüm əhəmiyyət daşıyır. Bu tendensiyanın davamlı olması üçün dövlət və özəl sektorun sıx əməkdaşlığı, təbliğat fəaliyyətlərinin genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi zəruridir. Əgər bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət davam etdirilərsə, Çin bazarı Azərbaycanın turizm inkişafında strateji rol oynaya bilər. Hazırkı artım isə bunun mümkünlüyünü sübut edir və ölkəmiz üçün yeni imkanların qapısını acır”.

Seçilən
32
hafta.az

1Mənbələr