AZ

“Zəngəzur dəhlizi – güc yolu ilə yox, hüquqla açılır” – ÖZƏL

"Son günlərdə Zəngəzur dəhlizi ətrafında baş verən informasiya manipulyasiyaları və hərbi ssenarilər Güney Qafqazın informasiya atmosferini xeyli gərginləşdirməkdədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, CASCFEN İH üzvü Əkbər Qoşalı deyib. O bildirib ki, bu dəfə Ermənistanla yanaşı, Gürcüstan mətbuatında da oxşar ritorikanın peyda olması diqqətçəkicidir. Sual olunur: Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi doğrudanmı bir "hərbi əməliyyat ssenarisi" üzərindən oxunmalıdır, yoxsa bu, prosesləri bilərəkdən təhrif etməyə yönəlmiş geosiyasi təxribatın növbəti mərhələsidir? Zəngəzur dəhlizi məsələsi sırf iqtisadi-logistika layihəsi olmaqla bərabər, böyük bir tarixi və geosiyasi simvol daşıyır. Azərbaycan bu dəhlizi öz suveren ərazisindən keçməklə Naxçıvanla birbaşa quru əlaqəsini təmin etməyə çalışır. Bu, 10 noyabr 2020 tarixli üçtərəfli bəyanatın (Azərbaycan-Rusiya-Ermənistan) 9-cu bəndinə əsasən Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir. Yəni söhbət "kimsənin torpağına girmədən", hüquqi əsaslara söykənərək bölgəni birləşdirən və canlandıran strateji yoldan gedir. Lakin son günlərdə, özəlliklə Ermənistan və indi də Gürcüstan mediasında yayımlanan "Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açacaq", "Türkiyə bu hərbi əməliyyata dəstək verəcək" kimi ritorikalar planlı şəkildə informasiya terroruna xidmət edir. Məqsəd aydındır: Azərbaycanı təcavüzkar obrazında tanıtmaq və prosesin gerçək mahiyyətini - yəni inteqrasiya və kommunikasiyanın açılması yönündəki rasional çağırışı kölgədə qoymaq.

Araşdırmaçı-yazar qeyd edib ki, Ermənistanın dəhlizin açılmasına qarşı çıxması, ilk baxışda, iç siyasi səbəblərlə yorumlana bilər: revanşist dairələrin təsiri, anti-türk ideoloji platformların aktivliyi və ümumilikdə, keçmiş işğalçı dövlətin geosiyasi şizofreniyası. Amma görünür məsələ yalnız Ermənistanla məhdudlaşmır. Zəngəzur dəhlizinin açılması - Azərbaycanın yalnız Naxçıvanla deyil, eyni zamanda Türkiyə, Türküstan (Orta Asiya) və Çinə qədər uzanan quru ticarət yoluna çıxışı deməkdir. Bu isə Ermənistanı və ona siyasi yatırımlar edən bəzi Batı dairələrini rahatsız edir. Eyni zamanda İran da bu dəhliz vasitəsilə bölgədəki geoiqtisadi çəkisinin azalacağından ehtiyatlanır. Ona görə də Ermənistan KİV-ində bu rahatsızlıq müxtəlif "hərbi təhlükə" senariləri ilə cilalanaraq bölgənin "barışsevər" ictimai rəyinə yönləndirilir.
Gürcüstan mediasında da oxşar ritorikanın peyda olması iki səbəblə yorumlana bilər: 
birincisi, Qafqazın kommunikasiya mərkəzi statusunun Zəngəzur dəhlizi ilə təhdid ediləcəyi qorxusu; ikincisi isə bu qorxunun Batı informasiya dairələri tərəfindən Gürcüstan ictimai rəyinə "cərrah dəqiqliyi" ilə yeridilməsi.

Əkbər Qoşalı bildirib ki, Azərbaycan bu gün təkcə güc sahibi deyil, həm də bölgədə barışın, inteqrasiyanın gerçək daşıyıcısıdır: "44 günlük Vətən müharibəsində göstərilən qətiyyət və müharibədən sonrakı dönəmdə edilən çağırışlar göstərdi ki, rəsmi Bakı yalnız haqqını tələb edir və bu haqq hüquqla təmin olunmadığı təqdirdə, özünü müdafiə haqqını qorumaqda israrlıdır. Belə bir israr isə başdan-başa ədalətə, uluslararası hüquq normalarına söykənir. Ancaq bu o demək deyil ki, Azərbaycan bölgədə yeni bir savaş niyyətindədir. Əksinə, rəsmi Bakının Zəngəzur dəhlizinə dair dəfələrlə səsləndirdiyi fikirlərdə "uluslararası hüquq çərçivəsi", "bölgəsəl işbirliyi", "barış və inkişaf" anlayışları açıq şəkildə ifadə olunub. Hətta 2023-cü ildə Avropa platformalarında dəhlizin "alternativ yollarla, məsələn, İran üzərindən də keçə biləcəyi" fikri Azərbaycanın problemin barışcıl yollarla çözümünə nə qədər önəm verdiyini sübut edir.

Araşdırmaçı-yazarın sözlərinə görə, məqsəd bölgədə uzunmüddətli barış və işbirliyidirsə, Ermənistan və Gürcüstan mediasında aparılan bu cür informasiya kampaniyaları sadəcə süni gərginlik yaratmaqla, konstruktiv müzakirələrin qarşısını alır: "Ermənistan toplumunda "Zəngəzur dəhlizi = ərazi itkisi" kimi qərəzli yanaşmalar hakim olduqca, ölkəiçi qərarvermə sistemi də rasional çıxış yolu tapmaqda aciz qalacaq.
Azərbaycan isə bu məsələdə strateji təmkin nümayiş etdirməklə yanaşı, eyni zamanda praqmatik diplomatik manevrlərini davam etdirir. Bölgə ölkələri, özəlliklə Gürcüstan, unutmamalıdır ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistan arasında deyil, ümumilikdə Güney Qafqazda yeni iqtisadi və siyasi enerji doğuracaq bir yol xəritəsidir. Bugün Zəngəzur dəhlizi ilə bağlı yayılan hərbi ssenarilər gerçəklikdən çox psixoloji manipulyasiyadır. Azərbaycan güc yoluna yox, hüquq və məntiqlə yol açmaq iradəsinə üstünlük verir. Lakin kimsə bu yola "blok-post" qoyarsa, Azərbaycan da, əsas yolun - tarixin və hüququn tanıdığı yolun açılması üçün lazım olanı etməyə qadirdir".

"Zəngəzur dəhlizi - necə deyərlər, nə Ermənistanın itkisidir, nə Azərbaycanın tamahı. Bu, bütöv Türk dünyasının, Güney Qafqazın və Avrasiya geosiyasətinin qurtuluş, inkişaf və inteqrasiya yoludur. Bunu dərk edənlər barışa və işbirliyinə çağırış edir. Dərk etməyənlərsə hələ də köhnə xəritələrin və köhnəlmiş düşüncələrin əsarətindədir..." - deyə, yazar əlavə edib.

Dövlətimiz zaval görməsin!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr