AZ

AFFA Hakimlər Komitəsinin sədri: Elçin Məsiyevin Superkubok oyununa təyinatı çox yaxşı xəbərdir

Bakı, 31 iyul, AZƏRTAC

Elçin Məsiyevin UEFA Superkuboku oyununa dördüncü hakim kimi təyin olunması AFFA hakimliyinin inkişafı baxımından, əlbəttə ki, çox yaxşı xəbərdir. Bu, həm də onu göstərir ki, hakimlərimizlə düzgün istiqamətdə işləyirik.

Unutmayaq ki, daha əvvəl UEFA U-17 və U-21-lər arasında Avropa çempionatının final mərhələsində iki baş hakim və iki köməkçi hakimlə təmsil olunmuşuq – Kamal Umudlu və Elçin Məsiyev bu oyunlarda iştirak ediblər.

13 avqustda Udinedə PSJ və Tottenhem klubları arasında keçiriləcək UEFA Superkuboku matçına təyinat bir daha sübut edir ki, daxili yarışlarımızda UEFA-nın təlimatlarına uyğun işləməyimiz yeganə düzgün yoldur. Biz UEFA ilə uyğun və sabit şəkildə işləyə bilirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker FIFA referisi Elçin Məsiyevin UEFA Superkubokunun PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) oyununa təyinat almasını şərh edərkən deyib.

Belçikalı mütəxəssis bildirib ki, AFFA-nın Avropa futbolunun ən yüksək səviyyəsində təmsil olunması böyük şərəfdir: “Bu təyinat Azərbaycan hakimliyinə müsbət təsir göstərəcək və ümid edirəm ki, yeni gənc oğlan və qızlar hakimlik karyerasına başlamaq istəyəcəklər. Çünki biz bütün səviyyələrdə daha çox hakimə ehtiyac duyuruq”.

Onun sözlərinə görə, Əliyar Ağayev və Elçin Məsiyev komandaları ilə birlikdə gələn həftə keçiriləcək UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyununa təyinat alıblar: “Onlar UEFA-nın birinci kateqoriyasına daxil olan 2 hakimimizdir ki, bu da böyük uğurdur. Bütün bu hadisələr müsbət siqnallardır və hər kəsə yüksək səviyyədə çıxış etmək üçün əlavə enerji verir. Hazırda Premyer Liqanın startına hazırlaşırıq və mən hakimlərimizi mövsümün başlanğıcına ən yaxşı şəkildə hazırlamaq üçün əlimdən gələni edəcəyəm. Bunun üçün 4 günlük yay kursu təşkil etdik ki, hakimlərimizi peşəkar şəkildə mövsümə hazırlayaq. Yaxşı çıxış üçün yaxşı hazırlıq vacibdir. Yeni mövsümün açılışına hazır olacağıq”.

Qeyd edək ki, Elçin Məsiyev Superkubok matçında dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Seçilən
26
3
azertag.az

4Mənbələr