AZ

İDEF Türkiyənin deyil, həm Azərbaycanın, həm də Türk-İslam dünyasının uğurudur - Rufiz Hafizoğlu

BAKI, TurkicWorld , Fərid Mikayılov

Türkiyənin müdafiə sənayesi sərgisi olan İDEF-2025 yalnız Türkiyə üçün deyil, Azərbaycan və ümumilikdə Türk-İslam dünyası üçün strateji əhəmiyyət daşıyır.

TurkicWorld xəbər verir ki, bu sözləri Trend BİA-nın baş direktor müavini, “Turkic.World” media platformasının rəhbəri və siyasi şərhçi Rufiz Hafizoğlu TRT Avaz kanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, sərgi yalnız texnoloji təqdimatla kifayətlənmir, həm də Azərbaycan və Türkiyənin müdafiə potensialının dünya ictimaiyyətinə tanıdılması baxımından vacib platformadır.

“Bu sərgi Azərbaycanın hərbi texnologiyalarının və silah sənayesinin tanıdılması üçün atılmış çox ciddi addımdır. Bugünkü dünyada silah istehsal edən çox sayda ölkə var, lakin Türkiyə silahlarının əsas fərqi odur ki, onlar artıq real müharibələrdə sınaqdan çıxıb və öz sözünü deyib,” – deyə Hafizoğlu vurğulayıb.

Hafizoğlu Türkiyə istehsalı silahların digər ölkələrdən fərqli olaraq işğal məqsədilə istifadə edilmədiyini, əksinə, müdafiə və azadlıq mübarizələrində ön plana çıxdığını bildirib.

“Türkiyə silahlarını Qarabağda, Liviyada gördük. Amma heç kim deyə bilməz ki, Türkiyə silahları işğal üçün istifadə olunub. İranın raketlərini isə Rusiya Ukraynada işğal məqsədilə istifadə etdi. Bu, Türkiyənin fərqini açıq göstərir” – deyə o qeyd edib.

Müsahibəsində siyasi şərhçi vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yalnız ikitərəfli münasibətlər deyil, bütövlükdə Türk dövlətləri arasında artan inteqrasiyanın əsas dayağıdır.

“Dünyada bir çox siyasi birliklər var – Ərəb Birliyi, Afrika Birliyi, lakin onların zəifliyinin səbəblərindən biri hərbi əməkdaşlığın olmamasıdır. Azərbaycan və Türkiyə arasında keçirilən ortaq təlimlər, hərbi koordinasiya Türk dünyasının gələcəyi üçün mühüm faktordur” – deyə Hafizoğlu əlavə edib.

O, eyni zamanda, Azərbaycanın Yaxın Şərqdə yeni rol oynamağa başladığını və bu prosesdə Türkiyənin mühüm strateji dəstəyinə arxalandığını vurğulayıb.

“Azərbaycanın xarici siyasəti balanslı və prinsipialdır. Müharibə dönəmində belə diplomatiya qapılarını bağlamadı. Bu gün biz artıq yeni bir mərhələdəyik – Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başlanır. Bu, Azərbaycanın təkcə regional güc olmadığını, bölgəyə açılım etdiyini göstərir” – deyə Hafizoğlu qeyd edib.

Onun sözlərinə görə, Suriyada sabitliyin bərqərar olması və terror təşkilatlarının neytrallaşdırılması baxımından Azərbaycan və Türkiyə həlledici rol oynaya bilər. Hafizoğlu Azərbaycanın Suriyada fərqli sahələrə strateji yatırımlar edəcəyini də istisna etməyib.

Seçilən
17
turkic.world

1Mənbələr