AZ

"Melissa Park" şikayətçi sakinə cavab verdi: "Divardakı çatlar ciddi problem deyil"

"Melissa Group" tikinti şirkəti yaşayış kompleksində mənzil sahibi olan Elnurə Novruzəli qızı Yusubovanın şikayətlərinə cavab verib.

Bizim.Media xəbər verir ki, tikinti şirkətinin Mətbuat Xidmətindən oxu.az-a bildirilib ki, şikayətçinin mənzilinin divarındakı çatlar ciddi konstruksiya problemi deyil və təmir işləri zamanı texniki qüsurlar səbəbindən meydana gəlib.

Məlumatda qeyd olunub ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166 məhəllə, G binası 3-cü blok ünvanında yaşayan sakin tərəfindən 2025-ci ilin iyun ayında "FEBA" MTK-ya mənzilin bəzi divar səthlərində çatların yaranması ilə bağlı müraciət daxil olub:

"Şikayətə əsasən, şirkət əməkdaşları tərəfindən mənzilə baxış keçirilib, şirkət rəhbərliyi ilə sakin arasında dəfələrlə görüş olub.

MTK məsuliyyətli yanaşma sərgiləyərək yaranmış estetik qüsurların aradan qaldırılması məqsədilə mənzildə təmir işlərini həyata keçirməyi, təmir müddəti ərzində sakini müvəqqəti yaşaması üçün həmin binada mənzil ilə təmin etməyi təklif edib. Lakin sakin bununla kifayətlənməyərək, MTK-dan mənəvi kompensasiya tələb edib.

Bundan başqa, sakin "TikTok" platforması vasitəsilə MTK barəsində həqiqəti əks etdirməyən məlumatlar yaymağa çalışaraq şirkətin nüfuzuna xələl gətirmək niyyəti sərgiləyib.

MTK ilə sakin arasında baş tutan sonrakı görüşlərdə sakin yaranmış vəziyyəti əsas gətirərək, MTK tərəfindən sözügedən mənzilin geri alınmasını, habelə mənzilin alışı, təmiri və mənzilə yerləşmə, daşınma və sair məsələlərlə bağlı çəkdiyi bütün maddi məsrəflərin tam şəkildə qarşılanmasını tələb edib".

Məlumatda əlavə olunub ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsi tərəfindən də mənzildə baxış keçirilib:

"Hər hansı konstruksiya təhlükəsinin mövcud olmadığı müəyyən olunub. Diqqətinizə çatdırırıq ki, MTK fəaliyyətində şəffaflıq və sosial məsuliyyət prinsiplərinə daim sadiqdir və yaranan hər bir müraciəti diqqətlə araşdıraraq vətəndaş məmnuniyyətini təmin etməyə çalışır. Lakin əsassız təzyiqlər və hüquqi əsasları olmayan tələblər qəbul edilə bilməz. Buna görə də MTK tərəfindən sakinlərin şikayətlərinə qeyri-ciddi yanaşılması barədə iddialar əsassızdır".

Bizim.Media

Seçilən
29
1
bizim.media

2Mənbələr