AZ

Rusiya xəbərdarlıq etdi: Azərbaycan və Ermənistanla gərginliyi artıracaq?

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlıq səylərini şərh edib. O, hər iki ölkənin Alyansla əlaqələrini dərinləşdirməsi halında bunun regiondakı vəziyyətə mənfi təsirləri ola biləcəyini vurğulayıb:

“Ümid edirik ki, Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlığın dərinləşməsi nəticəsində vəziyyətin pisləşməsi risklərini anlayacaqlar”.

Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir? Yaxud pərdə arxasında Cənubi Qafqazın üç ölkəsinin Şimal alyansına üzvlük və ya yaxından əməkdaşlıq planları mövcuddurmu?

Editor.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Maria Zaxarovanın yanaşması absurddur:

“Son vaxtlar Rusiyada yüksələn anti-Azərbaycan ruhiyyəsinin əksidir. Azərbaycan-NATO əlaqələri yeni formalaşmayıb, müstəqilliyimizin ilk illərindən bu münasibətlər mövcuddur. Azərbaycan Alyansla əlaqələrini hər zaman inkişaf edən xətt üzrə davam etdirir.

Bu günə qədər ölkə rəsmilərindən Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı heç bir məlumat almamışıq. Rəsmi Bakı balanslı xarici və hərbi siyasət yürüdür və NATO-ya daxil olmaq niyyətində deyil. Lakin 40 ilə yaxın müddətdə əməkdaşlığı inkişaf etdirmək xəttini davam etdirir.

Maria Zaxarovanın timsalında Rusiya rəsmiləri Cənubi Qafqazda əldə etdiyimiz tarixi qələbəni həzm edə bilmirlər. Buna görə də bu cür yanaşmalarla rastlaşırıq.

Ermənistanın xarici siyasəti isə tamamilə fərqlidir. Baş nazir Nikol Paşinyan Qərbə tam inteqrasiya olmaq yolunu seçib və Ermənistan NATO-ya üzv olmaq istəyir. Lakin bunun reallaşmaq şansı çox azdır, çünki Rusiya hələ də orada təsir gücünə malikdir və Kremlin buna icazə verəcəyini düşünmürəm. Alyansa üzvlük uzun bir prosesdir və Türkiyə ilə münasibətlər normallaşmadan belə bir addımın atılması real görünmür”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr