AZ

"Tramp G20 sammitinə İsrailə görə qatılmır" - AÇIQLAMA

Amerika Prezidenti Donald Tramp Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirakdan imtina edib və qeyd edib ki, onların çox pis siyasətləri var.

Donald Trampın onların siyasətini pisləməsinin əsas səbəbi nədir?

Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, ABŞ Prezidenti Donald Trampın Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirakdan imtina etməsi böyük ehtimalla İsraillə bağlıdır:

"Çünki Amerika Birləşmiş Ştatları İsrailin ən yaxın müttəfiqidir. İsrailin maraqlarına zidd olan demək olar ki, heç bir addım atmır. İsrailin əleyhinə yönəlmiş dövlətlərlə də münasibətlərində müəyyən məsafə saxlayır. Cənubi Afrika Respublikası İsraillə bağlı beynəlxalq məhkəməyə müraciət edib və İsraili hərbi cinayətlərdə ittiham edir. Hazırda həmin məhkəmə prosesi davam edir".

Politoloq qeyd etdi ki, Cənubi Afrika Respublikasının beynəlxalq məhkəməyə İsraillə bağlı müraciətinə bir neçə başqa dövlət də qoşulub.

"Təbii ki, məhz bu səbəbdən də Amerika Birləşmiş Ştatları, o cümlədən Prezident Donald Tramp Cənubi Afrika Respublikasından narazıdır. Bu məsələyə görə Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitinə qoşulmaqdan da imtina edir. Böyük ehtimalla Donald Tramp Cənubi Afrikanın siyasətinin pis olduğunu deyərkən də bu ölkənin İsrailə qarşı beynəlxalq məhkəməyə müraciət etməsini nəzərdə tutur. Hesab eləyir ki, bu addım pis siyasətdir. Yəni ümumi götürdükdə onu qeyd eləmək olar ki, Prezident Donald Trampın Cənubi Afrikada G20 sammitinə qatılmaqdan imtinası birmənalı şəkildə Cənubi Afrikanın İsrail əleyhinə beynəlxalq məhkəmədə müraciət etməsi ilə birbaşa bağlıdır", - deyə E.Xalidbəyli vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
0
redaktor.az

1Mənbələr